Zöhrə Abdulla qızı Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Azərbaycan Dövlət Texnologiya universitetini bitirib.Ustad sənətkarlardan fərdi muğam sənətindən dərs alıb. İlk müəllimi Rəhilə Həsənova olub. Qaqarin adına Pionerlər Evinə gedən balaca Zöhrəni Rəhilə Həsənova "Sazlı qızlar ansamblı"na aparmışdır. Peşəkar səhnəyə isə onu İslam Rzayev gətirib. Əvvəl "Lalə qızlar anasmblının", sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. Zöhrə xanım dünyanın 30 ölkəsində Azərbaycan musiqisini tərənnüm edib. 1985-ci ildə “İstedadlar axtarılır” müsabiqəsinin qalibi olub. 2000-ci ildə Bağdadda, İrakda “Babil” festivalının diplomuna layiq görülüb. Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdır. Onların birgə 12 silsilə dueti olub. Bu mahnıların hamısının söz və musiqilərini Məmmədbağır Bağırzadə yazıb. Onlar birgə “Həccə gedirəm”, “Gəlin gəlir evimizə”, “Bağban, ay bağban”, “Şuşa maralı” kimi mahnılar ifa edib.
Moderator.az-a açıqlama verən xalq artisti Ceyran Haşımova Zöhrə Abdullayevanın sənətdə çox əziyyət çəkdiyini bildirib:
“Zöhrə mənim “Lalə qızlar ansamblı” mda olan qızlarımdan ən fəalı idi. O vaxt çox yerlərə, o cümlədən kolxozlara, sovxozlara, pambıq tarlalarına gedirdik. O vaxtın müğənniləri indiki əziyyətləri çəkməyiblər və çəkə də bilməzlər. İndi asan yollarla sənətə gəlirlər. Zöhrə də o müğənnilərdən idi ki, əziyyət çəkmişdi, amma əziyyətinin nəticəsini görmədi. Həmişə deyirdim ki, “fikir etmə, bir gün səni də yada salıb, “xalq artisti” adı verəcəklər”. Hətta ona görə müraciət də etmişdim. Evləndi, yoldaşı onu sənətlə məşğul olmağa qoymadı. Ayrılandan sonra sənətə qayıtdı. Zöhrə özü haqda deyirdi ki, “sanki bülbülü qəfəsə salmışdılar”. Çox uğurlu müğənni idi. Heyf, indi elə müğənni var ki?. Əfsuslar olsun ki, əcəl onu tez apardı” deyə sənətkar deyib.
Əməkdar artist, sevilən müğənni Təranə Vəlizadə Zöhrə Abdullayevanın sənətə gəldiyi ilk günləri belə xatırlayır:
“Zöhrə Abdullayeva “Lalə Qızlar ansamblı”-na gələndə mən də ansambla yeni gəlmişdim. Nazik, gözəl əndamlı, qara qaş, qara göz, deyən-gülən, bülbül kimi cəh-cəh vuran, şən təbiətli qız idi. Konsertlərə gedirdik. Onun da öz repertuarı var idi. Xalq mahnılarını, təsniflər ifa edirdi. Tamaşaçı onu da qəbul etdi. Hardasa, altı ay bizimlə işlədi. Sonra xəbər tutduq ki, gənc yaşında ailə qurub. Ondan sonra, Zöhrəni səhnədə görən olmadı. Onu tez-tez yada salırıq. Heç bir kədəri üzə vurmayan, şuxluğunu, səmimiyyətini, nikbinliyini saxlayan bir qız idi. Dekabrın 18-də Şuşada dünyaya göz açmışdı. Sonra ailəsi Bakıya köçmüşdü. Oxatan bürcündən idi. Məhz bu bürc ona nikbinlik, gələcəyə inam, yorulmadan ətrafa gülüş və pozitivlik yaymaq imkanı verdi. Bu evlilikdən Zöhrə xanımın İsfəndiyar adında bir oğlu dünyaya gəldi. Bir-neçə ildən sonra, Zöhrə xanım səhnəyə döndü. Artıq böyük səhnələrdə göründü, gözəl mahnılar, təsniflər, muğamlarla. Ən şah əsəri “Kəsmə şikəstəsi” oldu. Onu, özünəməxsus bacarıqla, gözəl tələffüzü ilə, səsinin gözəlliyi ilə və böyük ürəklə ifa etdi. Sonra, silsilə mahnılar, təsniflər meydana gəldi. Tanınmış bəstəkarlarla ünsiyyət ünsiyyət qurdu, repertuarını zənginləşdirdi. Klassik və müasir bəstəkarlar bir-birini əvəz etdi. Ən mühüm yaradıcılığı gözəl, xanım bəstəkarımız Sədaqət Arif qızı ilə oldu. Dövlətimiz onu “əməkdar artist” adına layiq bildi. Zöhrə xanım evinə, ocağına, övladına bağlı bir insan idi. Oğlunu və onun ailəsini çox sevirdi. Oğlunun səhhətində problem yarandı və müalicəyə illərini sərf etdi. Ümidləri boşa çıxdı. Oğlu bu dünyanı tərk etdi. Zöhrə xanım bu ağır dərdə dözməyib, xəstəlik tapdı. Dərdini gizli ürəyində çəkirdi, heç kimə demirdi. Xəstəlik ona güc gəlsə də, qara paltarda, ağ saçları ilə səhnəyə çıxırdı. Bu çox çəkmədi, ağır yataq xəstəsi oldu. Dərdi hamıya bəlli olsada, heç kimin ovqatını təlx edib, taleyindən şikayət etmədi. Beləcə, sakitcə, bu fani dünya ilə vidalaşdı, oğluna qovuşdu. Biz gözəl sənətkarımızı unutmadıq, özü ilə huzur, rəhmət, tamaşaçı sevgisi apardı. Gözəl, nurlu çöhrəsində acı gülüş, dərdi olan dünyadan bir ana köçdü.. Qəmli mahnıları, yanıqlı şikəstəsi qaldı” deyə o bildirib.
Zöhrə Abdullayevanın ən gözəl işbirliyi sevimli bəstəkarı, yaxın rəfiqəsi Sədaqət Arifqızı ilə baş tutub. Hətta sənətkarın məzarının üstündə bəstəkarın bəstələdiyi və söz yazarı Nəzakət Neman olan “Göylərdən seyr edəcəyəm” mahnısından misralar da qeyd edilib. Sədaqət xanım bildirib ki, müğənninin ən böyük arzularından biri Şuşaya getmək idi:
“Zöhrə xanım Şuşada doğulmuşdu. Torpaqlar alınanda o qədər sevinirdi ki. Çox təəssüf ki, Şuşa alınanda artıq Zöhrə xanımın vəziyyəti ağırlaşdı. Arzulayırdı ki, orada bir evi olsun, gedib ömrünün qalan hissəsini Şuşada yaşasın. Zöhrə üçün çox darıxıram, yeri görünür. Elə bilirəm ki, həyatımda nəsə çatmır. O mənim üstümdə “əsirdi”. Özü xəstə ola-ola məni qoruyurdu. Heç bir xəstəliyi yox idi, oğul dərdi yıxdı onu. O, mənim 25 illik dostum, sirdaşım, sənətkarım olub. Təbii ki, bundan öncə də onu mən bir müğənni, sevilən sənətkar kimi tanıyırdım. Amma onunla ilk tanışlığım Zöhrə xanım üçün Nüsrət Kəsəmənlinin yazdığı sözlərə bəstələdiyim "Sənsiz" mahnısı ilə oldu. Ona zəng edib, özümü təqdim etdim və beləcə bizim yaradıcılığımız başladı. Bundan sonra bir neçə mahnını birlikdə işlədik. Söhbət əsnasında Zöhrə xanım mənə dedi ki, “səni tanıyıram, hətta bizim atalarımız dost olub”. Həqiqətən də onun atası Şuşada mədəniyyət mərkəzinin direktoru idi, mənim atam da o vaxtlar yaxşı səsi olduğu üçün oxuyurdu. Daha sonra bir az da yaxın olduq, əvvəl o Həsən bəy Zərdabi küçəsində ev aldı, daha sonra isə mən. Binalarımız yaxın idi, hətta bir-birimizə əl də edirdik. Zöhrə xanıma zəng edəndə ki, sənin üçün mahnı yazmışam, mənə deyirdi ki, “göndər gəlsin, oxuyacam”. Deyirdim ki, bir qulaq as da, bəlkə heç bəyənməyəcəksən? Deyirdi ki, “sən yazmısansa bəyənməməyim mümkün deyil”. Həqiqətən də Zöhrə xanıma neçə mahnı vermişəmsə hamısını oxuyub, geri çevirməyib. Təkcə Kənan MM-in sözlərinə bəstələdiyim mahnını oxumadı, o digər mahnılara nisbətən lirik deyildi, Zöhrə xanımın isə artıq övladı dünyasını dəyişmişdi, dedi ki, “indi yox, sonra oxuyaram”. Mənim onun üçün bəstələdiyim "Ata sənə ehtiyacım var", "Qəbul eylə", "Mən səni göylərdən seyr edəcəyəm" və s. mahnılar onun ifasında çox sevildi. Mahnını alıb, evə atan müğənnilərdən deyildi, qiymət verirdi, harada olurdursa dəyərləndirib, müəllif və bəstəkarın adını çəkirdi. Oğlu da çox yaxşı övlad idi, anası ilə nəfəs alırdı. Onu istirahət üçün göndərmədiyi ölkə, səfər qalmamışdı. Oğlunun xəstə olduğunu biləndə mənə zəng etdi, təsəlli verirdim ona, deyirdim ki, fikir etmə, yaxşı olacaq. Oğlu xəstə olanda Zöhrəyə deyib ki, gəl sənin ad gününü keçirim. Zöhrə də etiraz edib ki, sən xəstəsən, bizə ad günü yaraşır?! Oğlu ona deyib ki, bu sənin sonuncu ad günündür, mən olmayandan sonra sən daha çətin ad günü keçirərsən. Bu sözdən sonra Zöhrə həqiqətən də pis olmuşdu. Sən demə ürəyinə danmışdı. Ad günündə oğlu ilə elə oynadı ki.. İndi də yadıma düşür, kövrəlirəm. Elə bil ki, müğənni yox, ailəmin bir üzvünü itirmişəm" deyə bəstəkar bildirib.