AZ

Sakinlər su istəyir, qurumlar “suçsuzam” deyir - KİMDİR GÜNAHKAR?

Yazını böyüt
Yazını kiçilt

Bir müddət öncə hafta.az saytında “Binədə dövlətlə xalqı üz-üzə qoyan kimlərdir?” sərlövhəsi altında gedən məqalədə yerli sakinlərin su problemindən əziyyət çəkdiklərindən və buna müqabil aidiyyatı instansiyaların yarıtmaz fəaliyyətindən söz açılmışdı. Söhbət Binə qəsəbəsi - “türmənin arxası” deyilən ərazidə yaşayan sakinlərin üzləşdikləri problemdən gedir.

Hafta.az mövzunu gündəmdə saxlayacağını bildirmişdi və əməkdaşımız vəziyyətlə bağlı yenidən sözügedən ərazidə oldu, sakinləri dinlədi. Məlum oldu ki, burada necə deyərlər, “köhnə hamam, köhnə tas”dır.

Beləki, sakinlərin bildirdiklərinə görə, bütün növ mədəni məişət obyektlərindən məhrum olan bu əraziyə son aylarda suyun verilişi demək olar ki, tam bərbad vəziyyətdədir və problem mətbuatda işıqlandırılsa da, nəticəsiz qalıb:

“Əvvəllər bizə su tam normal şəkildə gəlirdi. Sonradan hər ay vaxtı az-az qısaldılmaqla gündəlik su tələbatımızın ödənilməsi təmin edilmədi. İndi ümumiyyətlə biabırçı vəziyyət yaranıb. Bilmirik zülümlə qazandığımız pulu gündəlik qidamıza, geyimimizə, digər sosial problemlərimizə ödəyək, yoxsa su ilə kanalizasiya xidmətinə. Dəfələrlə problemlə bağlı Xəzər rayon Sukanal İdarəsinə şikayət edib dərdimizi bildirsək də, hələ ki, ortalıqda bir nəticə yoxdur. Sizin hafta.az saytında da problemimiz işıqlandırıldı, səsimizin eşidilməsinə çalışdınız, çox sağ olun, amma yenə də həlli yoxdur”.

Həmin ərazini gəzərkən deyilənlərin tam şahidi olduq. Utancverici vəziyyətdir, sakinlər butulkalarda ordan-burdan su daşıyırlar.

“Gücümüz nəyə çatırsa, onu edirik”

Xatırladaq ki, Prezident İlham Əliyev Bakı və Bakıətrafı rayonların sosial-iqtisadi inkişafı ilə bağlı dəfələrlə Dövlət Proqramı imzalayıb. Şübhəsiz ki, bu Proqram çərçivəsində Xəzər rayonu sakinlərinin də güzəranının yaxşılaşdırılması nəzərdə tutulub. Amma faktlar əhalinin su təminatı çərçivəsində tam olaraq bunun əksini deyir.

Məsələyə aydınlıq gətirmək üçün Xəzər rayon Sukanal İdarəsi ilə əlaqə saxladıq. Uzun axtarışdan sonra nəhayət sorğumuzu cavablandıracaq məsul şəxslə danışa bildik. Xəzər rayon Sukanal İdarəsinin Müraciətlərin qəbulu və işin təşkili şöbəsinin rəisi Bilal Abdullayevin söylədikləri:

“Mərkəzi xətdən daxil olan suyun təzyiqindən yaranan problem bu narazılıqların kökündə dayanır. Tənzimləmə ilə bağlı gücümüz nəyə çatırsa, onu edirik. Ancaq buna baxmayaraq yenə də problem var. Hətta bina evlərində 3-cü mərtəbədən yuxarıya suyun qalxmamasıyla bağlı şikayətlər də daxil olur şöbəmizə. İnanın ki, problemin aradan qaldırılması üçün idarənin rəisi başda olmaqla, hər birimiz səfərbər olmuşuq”.

Qeyd edək ki, Sukanal idarəsinin rəsmisi də təzyiqin aşağı olmasından gileyləndi. Onun fikrincə, məhz təzyiqin aşağı olması sakinlərin narazılığına səbəb olan problemi yaradır:

“Sözün düzü, biz heç belə problemlə qarşılaşmamışdıq. Hansısa sahədə problem olurdusa, müəyyən intervallarla bunu tənzimləyə bilirdik. Bu il nədənsə problem daha böyük bir format aldı. Suyun istifadəsinə olan tələbatın artmasından, ya nədəndirsə, bu hal problematik vəziyyət yaradıb. Bütün problemlərlə bağlı məlumatlar rəhbərliyin nəzarəti altındadır. Dediyim kimi, təzyiqi artırmaqla problemi həll etmək mümkündür. Sadəcə olaraq, təzyiqin artırılması bizdən asılı deyil, bu, birbaşa agentliyin məsələsidir. Düzdür, biz də elə agentliyin bir qoluyuq, tədbirlər görülür. Amma yenə deyirəm, hazırda sudan istifadədə kütləvi artım müşahidə edilir. Bura havaların isti keçməsini də əlavə stimul kimi qeyd etmək olar. Sizin dediyiniz türmənin arxası Əliağa Vahid küçəsində suyun verilişində yaranan problemlərdə belə demək mümkünsə, sakinlərin də günahları az deyil. 15 ildən artıqdır ki, bu idarədə müxtəlif vəzifələrdə işləmişəm, sakinlərin çoxuyla birbaşa təmasda olmuşam. Görürsən, 5-6 nəfər yığışıb öz hesablarına 32-lik xətlə su çəkir. Biz də onu sayğacla təmin edirik. Sonradan bu xəttə 10-15 nəfər də qoşulur. Təbii ki, belə olan halda problem yaranacaq. Bununla bağlı həmin sakinlərə öz iradlarımı bildirsəm də, sonradan bəlli olur ki, həmin xəttə 5 deyil, 15 adam qoşulub. Bu mənada problemin yaranmasında sakinlərin özləri də məsuliyyət daşıyırlar”.

Bilal Abdullayev bildirdi ki, Xəzər rayonu ərazi baxımından sonuncu rayon olduğu üçün bu da gələn təzyiqin aşağı düşməsində müəyyən rol oynayır. Onun sözlərinə görə, agentlik də bu istiqamətdə fəaliyyətini davam etdirsə də, Bakıda sürətlə məskunlaşma yenə də müəyyən problemlər yaradır.

“Su itkisinin səviyyəsi də əhəmiyyətli dərəcədə artır”

Məsələyə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin də münasibətini öyrənmək istədik. Mətbuat xidmətinin rəsmi məlumatında bildirildi ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır. Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin həddindən artıq yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır:

“Hazırda mövcud vəziyyətlə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən 24 saatlıq intensiv iş rejimi tətbiq edilir və su təchizatı qrafik rejimdə günlük, saatlıq olaraq tənzimlənir. Əhalinin 70%-dən çoxu 24 saatlıq su rejimindədir, geri qalan abonentlərə isə 12, 8 və 4 saatlıq su təchizatı rejimi tətbiq edilir. Rejimlərin tənzimlənməsi əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan Bakı və Bakı ətrafında pərakəndə üsulla salınmış yaşayış ərazilərinə təsir edir, əsas su gətirici magistral kəmərlərin üzərindəki, mühafizə zolağındakı mövcud qanunsuz tikililər suyun çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər yaradır. Həmçinin, mövcud qanunsuz birləşmələr su təchizatı sisteminə ciddi texniki və iqtisadi yük yaradır. Belə birləşmələrin qeyri-qanuni və ödənişsiz olması səbəbindən su itkisinin səviyyəsi də əhəmiyyətli dərəcədə artır.
Bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda intensiv və sistemli tədbirlər görülür. Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin qızmar hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb. Misal üçün, hər hansı rayonunun bir çox hissəsi səhər saat 6-dan günorta saat 12-ə qədər normal təzyiqlə su alırdı və günorta 12-dən axşam 6-ya kimi həmin təzyiq təxminən 50 faizə endirilirdi. Axşam saatlarında əhalinin sudan daha çox istifadə etdiyi zamanda yəni, saat 6-dan gecə 12-ə kimi normal təzyiqə qaytarılırdı. Hazırda isə bir əraziyə 24 saat su verib, digər ərazini ümumiyyətlə susuz saxlamaq olmaz. Yay aylarında 24 saat su alan ərazilərdə qrafikli rejimə keçməklə 12 saat su verilir. Bəzi ərazilərdə isə mövcud vəziyyətlə bağlı qrafikli rejimlərdə saat dəyişikliyi edilib. Həmçinin 4 saat səhər, 4 saat axşam su qrafikinin tətbiq olunduğu ərazilər hazırda 3 saat səhər, 3 saat axşam rejiminə keçməklə təmin edilir. Hətta şəhərin ucqar nöqtələri, primitiv üsulla su təchizatının mövcud olduğu ərazilər də gün ərzində 1 dəfə olmaqla səhər saat 6-dan 10-a kimi su ilə təmin edilir. Yəni hesablanmış qaydada suyun düzgün paylanma balansını qorumaqla Bakı şəhərinin ən ucqar nöqtəsindən ən çökək nöqtəsinə qədər hər bir abonentə suyun çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, keçən illə müqayisədə bu ilin cari ayında havanın temperaturu 6-7 dərəcə daha yüksəkdir. O cümlədən, əhalinin artımı və şəbəkənin genişləndirilməsi, vətəndaşların bir çoxunun bağ evlərinə köçməsi və sair faktorlar da mövcud vəziyyətə səbəbdir. Hazırda mənbə və daşıyıcı xətlər üzrə yay rejiminin tələbatına uyğun olaraq, Bakı şəhərinə tələbatından 0,3 milyon kub metr çox su verilir. Buna baxmayaraq, normativə cavab verməyən tikililər, xətlərin tənzimlənməsinə əngəl yaradan yaşayış sahələri suyun fasiləsiz təminatına ciddi faktor kimi təsir edir”.

Məlumatda vurğulanır ki, bu faktların aradan qaldırılması istiqamətində Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür Sutəmizləyici Qurğuları Komplekslərində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir:

“Həmçinin yeni layihələr də mövcud plan üzrə icra olunmaqdadır. Lakin nəzərə almaq lazımdır ki, bu istiqamətdə həyata keçirilən işlər genişmiqyaslı infrastruktur layihələridir və qısa müddətli deyil. Hazırda maksimum güclə intensiv fəaliyyət həyata keçirilir. İşçi heyəti 24 saat fasiləsiz və növbəli rejimdə istismar və təmir-bərpa işlərini yerinə yetirir. Hazırda əksər ərazilərdə su təchizatı əvvəlki rejimə qaytarlıb”.

Seçilən
31
22
hafta.az

10Mənbələr