AZ

ABŞ, Azərbaycan və Ermənistan liderlərinin gözlənilən görüşü... - Elman Cəfərlidən TƏHLİL

2025-ci il avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a səfəri ikitərəfli münasibətlərin tarixində yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, səfər zamanı – avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilməsi nəzərdə tutulan görüşün əhəmiyyəti baxımından da maraqla izlənilir.

D.Trampın cəmi 6 ay yarımlıq prezidentliyi dövründə Azərbaycan-Ermənistan sülh danışıqları prosesinə töhfə verdiyi Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyulun 19-da Xankəndində 3-cü Şuşa Qlobal Media Forumu iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlərdən də aydın olur:  “…Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır”.

Azərbaycan 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq, öz torpaqlarını 30 illik işğaldan xilas etdi. 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda erməni terrorçularına qarşı bir günlük antiterror əməliyyatı nəticəsində bütün ölkə ərazisi üzərində tam dövlət suverenliyi bərqərar edildi. 2020-ci il noyabrın 10-da Üçtərəfli Bəyannaməyə, yəni Ermənistan özü üçün kapitulyasiya sənədinə imza atsa da, 30 illik münaqişədə qalib gələn tərəfin Azərbaycan olmasına baxmayaraq, məğlub Ermənistan deyil, məhz bizim dövlətimiz ilk olaraq qarşı tərəfə sülh müqaviləsi imzalamağı təklif etdi. Hətta bu məqsədlə Azərbaycan tərəfindən Ermənistana 2022-ci ilin martında sülh müqaviləsinin imzalanması və iki dövlət arasında münasibətlərin yaradılması üçün 5 baza prinsipini təqdim olunaraq bəyan edildi ki, “…iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər”.

Qeyd edək ki, müharibənin bitməsindən sonrakı ilk dövrdə iki dövlət arasında 30 illik münaqişə dövründə vasitəçilik etmiş “ənənəvi” aktorlar hələ də səhnədə idi – Rusiya, Fransa, ABŞ, eləcə də bu üçlüyün birləşdiyi bədnam Minsk qrupu. Hətta Azərbaycan sülh müqaviləsinin ilk mətnini məhz Minsk qrupu vasitəsilə Ermənistana göndərmişdi. Lakin Ermənistanın “Dağlıq Qarabağ” məsələsini yenidən gündəliyə daxil etmək səyləri və bunun üçün yalnız Minsk qrupunun dəstəyindən istifadə cəhdləri Azərbaycanın bu ermənipərəst qrupun ləğvi ilə bağlı qəti mövqe ortaya qoyması ilə nəticələndi. Bu zaman Rusiya 10 noyabr Bəyannaməsinin imzalanmasında etdiyi vasitəçilikdən, erməni terrorçularının nəzarəti altında olan ərazilərə dərhal “sülhməramlı qüvvələr” yerləşdirməsindən həvəslənərək, sülh müqavailəsi ilə bağlı sonrakı danışıqlarda özünün dominant vasitəçi rolunu təmin etməyə çalışır, digər tərəfdən öz maraqlarını bu “vasitəçilik” missiyasında əsas yerə qoyurdu. Məsələn, təsadüfi deyil ki, 10 noyabr Bəyannaməsi imzalanandan bu günədək Zəngəzur dəhlizi ilə bağlı məsələdə Rusiya tərəfindən nə real bir təklifin səsləndirildiyinin, nə də hansısa bir addımın atıldığının şahidi olmadıq.

Nəticədə ortaya Azərbaycanın da optimist yanaşdığı yeni bir vasitəçi çıxdı – Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel. Lakin 2023-cü ilin sentyabrındakı uğurlu antiterror əməliyyatından sonra onun da missiyasının erməniyönümlülük maskası cırıldı və nəticədə Ş.Mişelin vasitəçiliyi iflasa uğradı. Belə ki, 2023-cü ilin oktyabrın əvvəllərində İspaniyanın Qranada şəhərində “Azərbaycan, Ermənistan, Aİ, Fransa, Almaniya” formatında nəzərdə tutulan görüş ölkəmizin iştirakı olmadan keçirildi. Bu görüşdə Ermənistanın baş naziri N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünün tanınmasını da özündə ehtiva edən bəyanatı imzalasa da, rəsmi Bakı bəzi aparıcı Qərb dövlətlərinin qərəzli mövqeyini və militarizasiya siyasətini, eyni zamanda Azərbaycanın Türkiyənin də masada təmsil olunması təklifindən imtinanı əsas göstərərək, Qranada görüşündən imtina etdi. Beləliklə, bu hadisə Azərbaycanla Aİ və digər aparıcı Qərb dövlətləri arasında müşahidə edilən gərginliyə, Aİ vasitəçiliyinin nəticəsiz qalmasına və Bakı ilə İrəvan arasında aparılan danışıqlarda fasilə yaranmasına səbəb oldu.

2024-cü il fevralın 17-də, Münhen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan və Ermənistan liderləri Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə görüşdülər. Ardınca fevralın 28-29-da Berlində Almaniya xarici işlər nazirinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişinin müzakirə olunduğu görüşü keçirildi. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 2024-cü il mayın 10-11-də Qazaxstanın Alma Ata şəhərində baş tutan görüşdə iki ölkənin xarici işlər nazirləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müzakirəsini davam etdirdilər.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında daha bir görüş NATO sammiti çərçivəsində, 2024-cü il iyulun 10-da Vaşinqtonda ABŞ dövlət katibi E.Blinkenin təşəbbüsü ilə keçirildi. Ardınca Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında növbəti görüş imkanı Böyük Britaniyanın baş nazirinin təklifi ilə Avropa Siyasi Birliyinin iyulun ikinci yarısında Londonda keçirilən toplantısında yaransa da, Ermənistan baş nazirinin imtinası səbəbindən keçirilməli olan görüş baş tutmadı. Paşinyanın London görüşündən imtinası normallaşma prosesinə mənfi təsir etdi. Görünür, bu imtina ABŞ-dakı preezident seçkilərində demokratların qələbəsinə, ermənipərəst C.Baydenin, sonradan isə antiazərbaycan mövqeyi ilə tanınan K.Harrisin prezident seçiləcəyinə olan ümidlə bağlı idi. Çünki Bayden administrasiyası dövlət katibi E.Blinkenin simasında Azərbaycanla münasibətlərə böyük zərbə vurmuşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə 2025-ci il iyulun 19-da Xankəndində 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyirdi: “Bilirsiniz, əvvəlki ABŞ Administrasiyası demək olar ki, ABŞ-Azərbaycan əlaqələrini heçə endirmişdi. Dövlət Departamentinin yüksəkrütbəli rəsmiləri açıq söyləyirdilər ki, Azərbaycanla bir daha işlər adi qaydada gedə bilməz və bu, suverenliyin və ərazi bütövlüyünün tərəfimizdən bərpa olunması ilə bağlı idi”.

Bu, həm də o fonda baş verdi ki, ABŞ-da bütün müharibələri dayandırmaq təşəbbüsü ilə çıxış edən respublikaçı Donald Tramp qələbə qazanmışdı. 2022-ci ilin fevralından davam edən Rusiya-Ukrayna, 2023-cü ilin oktyabrında başlayan İsrail-Fələstin münaqişəsi ilə bağlı gərgin fəaliyyətinə rəğmən, Cənubi Qafqaza da ciddi maraq göstərən Tramp və administrasiyası artıq ABŞ-ın Azərbaycanla Ermənistan arasındakı danışıqlarda öz ölkəsinin maraqlarını ön sıraya qoymadığı aydındır. ABŞ-Azərbaycan arasındakı Bayden dövrü böhranından sonra, Azərbaycan Prezidentinin də ABŞ liderinin ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin çox müsbət olduğunu vurğulayaraq, qeyd etdiyi kimi, “…hazırda Tramp Administrasiyasının nümayəndələri ilə qarşılıqlı fəaliyyətin bir neçə ayı aydın şəkildə göstərir ki, biz düz yoldayıq. Biz normal münasibətlərə qayıdırıq”.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlara gəldikdə, Trampın sadəcə və təkcə ABŞ Prezidenti seçilməsi faktının belə bu danışıqlara, daha doğrusu, Ermənistanın daha konstruktiv mövqe tutmasına təsirini Azərbaycan Prezidentinin Xankəndində səsləndirdiyi aşağıdaki fikirlər də sübut edir: “Bundan sonra iki bəndi Ermənistan tərəfi əlavə etmək istəmirdi, ancaq Prezident Tramp qalib gələn kimi onlar o iki müddəanı əlavə elədilər. Mən cənab Paşinyana dedim ki, siz yəqin ümid edirdiniz ki, xanım Harris qalib gələcək və ağ at üzərində olacaqsınız. Ancaq bu, baş vermədi. Mən buna tamamilə əminəm ki, Tramp qalib olmasaydı, onlar bununla razılaşmayacaqdılar. Onlar layiq olduqlarından da, həzm edə biləcəklərindən də daha çox parça qoparmaq istəyirdilər. Bu gün artıq onlar həmin o iki bənd üzərində israr etmirlər”.

Bu müsbət xəbərin ardınca, bu il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan və Ermənistan liderlərinin görüşünün baş tutmasında da ABŞ-ın əsas rol oynadığı şübhəsizdir. Kifayət qədər uzun, lakin eyni zamanda konstruktiv şəraitdə keçən Əbu-Dabi danışıqları ilə bağlı səsləndirilən fikirlər Azərbaycanın öz mövqelərini qarşı tərəfə diktə və qəbul etdirdiyi, eyni zamanda bu görüşün baş tutmasının əsas təşəbbüskarı olan ABŞ tərəfindən də dəstəkləndiyi aydın olur. Azərbaycan Prezidentinin 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə səsləndirdiyi fikirlər də bunu sübut edir: “İndi biz özümüzə məxsus olanı qaytarmışıq və hamı bununla barışıb, bəli, mən ciddi ziddiyyətlər görmürəm. Amma erməni həmkarımla uzun diskussiya zamanı müzakirə etdiyimiz mövzulardan biri də tərəflər arasında etimadın çox aşağı səviyyədə olması idi. Bu, tamamilə başadüşüləndir. Bizə gəlincə, mövqeyimiz heç vaxt dəyişməyib. 2003-cü ildə “Qarabağ bizim torpağımızdır!” dediyim kimi, bu 22 il ərzində də bunu demişəm və deyirəm.

Amma ermənilərin mövqeyi dəyişib. Onun yenidən dəyişməyəcəyi ilə bağlı təminat varmı? Belə bir zəmanət var?

Yeri gəlmişkən, Prezident özü paraflanmaq məsələsinə aydınlıq da gətirib: “…bu iki məsələ, – Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması, – həll edilən kimi sülh müqaviləsi imzalana bilər. Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni, biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır”.

“Paraflamaq” – fransızca “parafe” sözündən götürülüb, “qısaldılmış imza”, “möhür” deməkdir və beynəlxalq müqavilənin işlənib hazırlanmasında iştirak etmiş şəxslərin ad və soyadlarının baş hərfləri ilə ilkin imzalanmasını, baş hərflərin müqavilə layihəsinin razılaşdırılmış mətninin hər səhifəsində yerləşdirilməsini nəzərdə tutur. Paraflama beynəlxalq müqavilənin bağlanmasının tərəflərin mülahizəsinə əsasən həyata keçirilən, məcburi öhdəlik yaratmayan mərhələsidir. Paraflamanın hüquqi əhəmiyyəti ondan ibarətdir ki, müqaviləni imzalayan tərəflər üzərinə konkret hissələr və ya bütövlükdə mətn üzrə danışıqları tamamlanmış hesab etmək öhdəliyi qoyur və onları artıq razılaşdırılmış mətndən yayınma imkanından məhrum edir. Bununla belə, paraflama dövlətlər üçün hüquqi cəhətdən məcburi razılaşdırılmış mətn yaratmır. Tərəf dövlətlərin hökumətləri öz mülahizələri əsasında paraflanmış müqavilə layihəsinə (və ya onun hissələrinə) baxdıqdan sonra ona hər hansı dəyişiklik və ya əlavələr edə bilərlər. Paraflanmış müqavilə – “ad referendum” (yekun qərardan əvvəl) imzalanmış müqaviləyə yaxındır ki, bu da müqaviləni bağlayan dövlətləri qarşılıqlı öhdəliklərlə bir-birinə bağlamır.

Bütün bunlardan sonra Azərbaycan lideri qətiyyətli və prinsipal şəkildə bəyan edir ki, “…biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb. Bunun hər hansı bir yenidən baxılması, yenidən baş verməsi mümkün deyil. Biz heç nəyi yenidən müzakirə etməyəcəyik”.

Sonda bu ənənəmizi pozmayaraq, yenə bu fikirlərimizi Prezident İlham Əliyevin sözləri ilə arqumentləşdirək: “Gözləntimiz böyükdür və ümid edirik ki, yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq. Düşünürəm ki, bu, tamamilə təbiidir, çünki bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq”.

P.S. Bu halda Trampın Nobel sülh mükafatına namizədliyinin Azərbaycan, ola bilsin ki, Ermənistan tərəfindən də, yaxud iki dövlətin birlikdə irəli sürülməsi və sülh mükafatının məhz bu müraciət(lər) əsasında verilməsi də “daha çox yaxşı xəbərlər”dən biri kimi təəccüblü olmayacaq.

P.S.S. Fikirlərimiz həddindən artıq optimist səslənə bilər, lakin sülh müqaviləsi üzrə danışıqlar bir də müzakirə olunmayacaq şəkildə bütün müddəalar üzrə yekunlaşıbsa, D.Tramp da Nobel sülh mükafatı almağını bu qədər çox istəyirsə, – niyə də olmasın?!

Elman Cəfərli,

tarix üzrə fəlsəfə doktoru, dosent

Seçilən
96
50
mia.az

10Mənbələr