AZ

Qlobal iqlim dəyişiklikləri: Azərbaycanda vəziyyət necədir? RƏY

ain.az, Gununsesi saytına istinadən bildirir.

Son illərdə qlobal iqlim dəyişikliklərinin fəsadları getdikcə daha aydın hiss olunur. Təbii resursların azalması, hava şəraitindəki dəyişikliklər və ekosistemlərə təsir bu prosesin əsas nəticələri kimi qiymətləndirilir.

Müxtəlif ölkələr bu məsələyə diqqət ayırır, uyğun strategiyalar və tədbirlər həyata keçirirlər.

Ölkəmizdə də iqlim dəyişikliyinin təsirlərinə dair müşahidələr və müzakirələr gündəmdədir.

“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli mövzunu Gununsesi.info-ya belə şərh edib:

“Yaşadığımız hər gün qlobal iqlim dəyişikliyinin fəsadlarını hiss edirik. Bu, daha çox özünü şirin su ehtiyatlarının azalmasında büruzə verir. Məsələn, son 20 ildə Azərbaycanın əsas içməli su qaynağı olan Kür çayında suyun səviyyəsi dəfələrlə kəskin şəkildə aşağı düşüb. Hətta bir ara çayda xırda adacıqlar yaranmışdı. Bu il istirahət üçün dağlara üz tutanlar bulaqların əhəmiyyətli dərəcədə quruduğunu bildirirlər. Heç şübhəsiz ki, bu, günəş aktivliyi, yerin qızması və digər iqlim prosesləri ilə bağlıdır. Bir zamanlar dağların başı qar olardı. Son 7-8 ildə qış aylarında dağlarda yetərincə qar yığılmır. Bu isə yeraltı suların qurumasına təsir göstərən amildir. Daha bir iqlim fəsadı insanlarda tənəffüs yolları xəstəliklərinin çoxalması ilə bağlıdır. Bəllidir ki, ağciyər xəstəlikləri daha çox atmosfer çirklənməsi ilə əlaqələndirilir”.

Elman Cəfərli vurğulayıb ki, qlobal iqlim dəyişikliklərinin ciddi və aşkar şəkildə mənfi nəticələr verdiyi görünməkdədir:

“Bəzən ictimaiyyətdə çaşqınlıq yaradan fikirlərə də rast gəlinir. Məsələn, bu il iyun və iyul aylarının əvvəllərində hava nisbətən sərin keçdi. Hətta ekoloq kimi təqdim olunan bir sıra insanlar belə fikirlər səsləndirirdi ki, guya qlobal istiləşmə yoxdur, əksinə, qlobal soyuqlaşma var. Bu, təbii ki, yanlış mövqedir. Qlobal istiləşmə beynəlxalq ekspertlərin təsdiq etdiyi məsələdir. Ekspertlər bildirir ki, son 100 ildə temperatur 1 dərəcəyədək artıb. Atmosferdə çirklənmə davam edərsə, 2100-cü ildə bu rəqəm 6 dərəcəyə çata bilər. Belə olarsa, Yer kürəsində həyat çətinləşəcək. Ötən il Bakıda COP29 keçirildi. Bu cür tədbirlər onu göstərir ki, dünyanın “beyin mərkəzləri” durumun kifayət qədər ciddi olduğunun fərqindədirlər. Ona görə də qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə tədbirlər artır. Hesab edilir ki, atmosferdə istixana effekti yaradan qazların miqdarı azaldılmalıdır.

Ölkələr 2050-ci ilə qədər karbon emissiyasının azaldılmasını öhdəlik olaraq götürüblər. Azərbaycan da 2015-ci il Paris Sazişinin bəndlərinə əməl edir. Ölkəmiz qarşıdakı 25 ildə karbon emissiyasının 40 faiz azaldılmasını öhdəlik olaraq götürüb. Azərbaycanda yaşıl enerjiyə keçid istiqamətində əhəmiyyətli addımlar atılıb. Günəş və külək enerjisinin resursları tədqiq edilir, yaşıl enerji əsasında elektrik enerjisi istehsal edən stansiyalar yaradılır. Paytaxt Bakı və digər iri şəhərlərdə nəqliyyat infrastrukturu yaşıl enerji əsasında yenidən qurulur. Ölkə boyu geniş meşəsalma tədbirləri həyata keçirilir. Azərbaycan karbon emissiyasının azaldılması üzrə razılaşmalara əməl edir.

Lakin məsələ burasındadır ki, iqlim fəsadları ilə mübarizə bir ölkənin təkbaşına apara biləcəyi iş ola bilməz. Bütün ölkələr bu prosesə dəstək verməlidirlər. Məsələn, Cənubi Qafqazın ən böyük şəhəri olan Bakının ictimai nəqliyyatı yaşıl enerjiyə keçir. Xəttə çoxlu elektriklə işləyən avtobus və taksilər, eləcə də elektriklə çalışan yüngül avtomobillər buraxılıb. Yaxşı olar ki, analoji addımlar Tiflisdə və İrəvanda da atılsın. Və yaxud biz su resurslarımızı çirklənmədən qorumaq istəyirik. Çaylarımızın bir qismi transsərhəd çaylardır. Eyni addımı qonşu dövlətlər də atmalıdırlar”.

Sədrin sözlərinə görə, qlobal iqlim fəsadları ilə mübarizə dövründə diqqət yetirilməli əsas məsələlərdən biri su resurslarının qorunması və onlardan səmərəli istifadənin təmin edilməsidir:

“Yay günlərində paytaxt Bakıda su çatışmazlığı açıq-aşkar görünür. Bu problemlərin yaşanmaması üçün qarşıda duran ümdə vəzifələr var. Onlardan birincisi su idarəetməsinin təkmilləşdirilməsidir. Su kanallarının böyük əksəriyyəti torpaq səthlidir. Sovetdən qalma bu ənənəyə son qoyulmalıdır. Eyni zamanda aqrar sektorda sudan istifadədə müasir texnologiyalar tətbiq edilməlidir. Selləmə suvarmadan imtina olunmalı, fermerlər tamamilə damcılı suvarmaya keçməlidirlər. İri şəhərlərdə tullantı sularının təkrar emalı və istifadəsi üzrə layihələr icra olunmalıdır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
149
50
icma.az

10Mənbələr