İspaniyanın Kadis əyalətinin Tarifa şəhərində böyük meşə yanğını ilə əlaqədar 1 500-dən çox insan təxliyə edilib.
Bakues.az xəbər verir ki, bu barədə “Mundo” qəzeti məlumat yayıb.
“Yaxınlıqdakı mehmanxanalardan, düşərgələrdən və yaşayış binalarından 1 550 nəfər təxliyə edilib. Avqust ayında mehmanxanaları dolduran istirahət edən şəxsləri əvvəldən evakuasiya etmək lazım gəldi”, – nəşr yazır.
Məlumata görə, “Torre La Peña” düşərgəsində başladığı ehtimal edilən yanğın turizm bölgəsinə də keçib. Çərşənbə gününə keçən gecə Əndəlüs Meşə Yanğınsöndürmə Xidmətinin 100-dən çox mütəxəssisi yanğının N-340 magistral yoluna və hotel komplekslərinə keçməsinin qarşısını almaq üçün çalışıb. Səhər saatlarında yanğının söndürülməsinə 6 təyyarə də cəlb olunub.
Tarifa meri Xose Antonio Santosun sözlərinə görə, bu yanğın son illərin ən ciddi yanğını olub. Onun söndürülməsinə əyalətin hər yerindən yanğınsöndürənlər cəlb olunub.