Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Donald Trampın yenidən prezident seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətləri yeni bir inkişaf mərhələsinə qədəm qoyub. Uzun illərdir ki, iki ölkə arasında enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində uğurlu əməkdaşlıq mövcuddur. Təəssüflər olsun ki, bundan öncə Co Baydem administrasiyası dövründə ikitərəfli münasibətlər heç də uğurlu olmadı və nəticədə ABŞ-ın bölgədəki maraqlarına ciddi xələl gəldi. Lakin Co Bayden administrasiyasından fərqli olaraq Donald Tramp administrasiyası onun birinci prezidentliyi dövründə olduğu kimi, indi də Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, Prezident Donald Trampla cənab Prezident İlham Əliyev arasında qarşılıqlı hörmətə əsaslanan anlaşma mövcuddur. Bu da təbii olaraq iki ölkə arasında strateji tərəfdaşlıq üçün geniş imkanlar yaradır”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
Deputat bildirib ki, cənab Prezident İlham Əliyevin ABŞ-da nəzərdə tutulan görüşü və orada keçiriləcək görüşlər Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələdə daha da dərinləşməsinə öz töhfəsini verəcək və yeni geosiyasi reallıqların yaranmasına gətirib çıxaracaq.
“Prezident Donald Trampın rəsmi dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a reallaşan səfəri çox böyük siyasi tarixi əhəmiyyət kəsb edir. Bu səfər təkcə ikitərəfli münasibətlər baxımdan deyil, Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin, sıx regional əməkdaşlıq münasibətlərinin qurulması, qlobal təhlükəsizlik kontekstində mühüm əhəmiyyət kəsb edir”, - o qeyd edib.
O əlavə edib ki, səfərin böyük əhəmiyyət kəsb etməsini şərtləndirən digər mühüm məsələ Ağ Evdə keçiriləcək görüşlərdə Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə olunması istiqamətdə səylərin artırılmasının müzakirə olunmasıdır: “İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdıran Azərbaycan hazırda bölgədə dayanıqlı sülh gündəliyini müəyyən edən əsas aktor olaraq beynəlxalq hüququn prinsiplərinə əsaslanan dayanıqlı sülhün və sabitliyin təmin olunması istiqamətində ciddi səylər göstərməkdədir. Artıq Azərbaycanın bölgədə dayanıqlı sülhün əldə olunması istiqamətindəki səyləri öz bəhrəsini verməkdədir. Belə ki, yürüdülən uğurlu siyasət nəticəsində Azərbaycan və Ermənistan 2024-cü ilin mart ayında sülh sazişi üzrə ilkin razılıq əldə ediblər. Lakin Azərbaycan sülh sazişinin imzalanması üçün iki məsələsinin həll edilməsini istəyir. Bunlardan biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk qrupunun ləğv edilməsi və bir də Naxçıvanla maneəsiz birbaşa əlaqənin yaradılmasıdır. Bu məsələ Azərbaycan və Ermənistan liderlərinin görüş iyulun 10-da BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilən sonuncu görüşündə müzakirə edilib. Görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib və nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. İnanıram ki, ABŞ-da aparılacaq müzakirələr Cənubi Qafqazda dayanıqlı sülhə xidmət edəcək nəticələrlə yekunlaşacaq. Cənab Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda Donald Tramp haqqında səsləndirdiyi “o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq” ifadəsi dediklərimizə əminlik yaradır.
Azərbaycan sülhün tərəfdarıdır və buna hazırdır. İndi hər şey Ermənistan asılıdır. Sülhün əldə olunması isə ən çox Ermənistana lazımdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan sülh prosesin qarşısını almaqda davam etsələr özlərini düşdükləri nəqliyyat və siyasi təcriddə qalmaqda davam edəcəklər ki, bundan da itirən tərəf onlar olacaq. Ermənistan tərəfi anlamalıdır ki, artıq həlqə daralmaqdadır, sülh sazişini imzalamaqdan yayınmaq İrəvanı ancaq fəlakətə sürükləyir”.
Mürtəza
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.