Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ətrafında danışıqlar davam etdirilir. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın Əbu-Dabi görüşündən sonra sülh müqaviləsinin paraflanması ilə bağlı məlumatlar yayılmağa başlayıb.
Bəs sülh müqaviləsinin paraflanması dedikdə nə başa düşülür?
Azreform.info xəbər verir ki, uzun illər diplomatik xidmətdə olmuş, siyasi elmlər doktoru, millət vəkili Rizvan Nəbiyev Operativ Media-ya bildirib ki, paraflama ifadəsi diplomatiya və müqavilə hüquqi terminologiyasına aiddir. Beynəlxalq müqavilə mətninin iştirakçı tərəflər üçün bərabər autentik (yəni eyni) olmasının müəyyən edilməsində istifadə olunur.
Bu ifadə bir beynəlxalq müqavilənin və ya digər hər hansı beynəlxalq sənədin yekun mətninin tam razılaşdırıldığını göstərir, başqa sözlə onun mətninin dəyişdirilməyəcəyini təsdiqləyir. Eyni zamanda paraflanma sənədin hələ imzalanması anlamına gəlmir.
Paraflanma razılaşdırılmış müqavilə layihəsi mətninin müvafiq səlahiyyətli nümayəndələr tərəfindən imzalanmadan əvvəl ilkin razılıq əlaməti olaraq paraflanması, yəni mətnin hər bir səhifəsinə öz ad və soyadlarının baş hərfləri və ya qısa imza formasını qoyması deməkdir. Bu prosedur, əsasən, danışıqların yekunlaşdığını və tərəflərin razılaşdırdığı mətnin artıq imzalanmağa hazır olduğunu təsdiqləyir.
"Razılaşdırılmış beynəlxalq müqavilələrin mətninin yəni müqavilə layihəsinin paraflanması məsələsi Müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 10-cu maddəsində öz əksini tapmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası da bu Konvensiyaya 2017-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunduqdan və müvafiq dövlətdaxili prosedurlar tamamlandıqdan sonra qoşulmuşdur.
Beynəlxalq müqavilələrin, eləcə də beynəlxalq müqavilə hesab olunmayan digər sənədlərin və ya siyasi xarakterli razılaşmaların paraflanması praktikası – istər ikitərəfli, istərsə də çoxtərəfli formatda razılaşdırılmış sənədlərə münasibətdə – həm beynəlxalq praktikada, həm də Azərbaycan Respublikasının müqavilələr hüququ təcrübəsində tətbiq olunur.
Beynəlxalq müqavilələrin imzalanması, sonrakı mərhələlərdə ratifikasiyası və dövlət başçısı tərəfindən təsdiqi müqavilənin hüquqi baxımından öhdəlik yaradan mərhələsinin yekunlaşmasıdır. Belə ki, dövlət başçısı tərəfindən rəsmi səlahiyyətləndirilmiş şəxs müqaviləni imzalayır. İmzalanmadan sonra, əgər müvafiq qaydalarda nəzərdə tutulubsa, müqavilə ratifikasiya, təsdiq mərhələlərindən keçərək qüvvəyə minir. Bu prosedurların tamamlanması barədə isə tərəflər bir birinə diplomatik kanallarla bildiriş, yəni nota təqdim edirlər.
İkitərəfli beynəlxalq müqavilələr adətən üç nüsxədə imzalanır, iştiraçkçı dövlətlərin dövlət dilləri ilə yanaşı üçüncü dil olaraq BMT-nin işçi dillərindən birində. Azərbaycan və Ermənistan arasında imzalanması planlaşdırılan sülh müqaviləsi də Azərbaycan və erməni dillərindəki mətnlərlə yanası, üçüncü bir dildə olan mətndən ibarət ola bilər. Bu ona görə edilir ki, Azərbaycan və erməni dilləri arasındakı mətnlər arasında hər hansı fikir ayrılığı , üçüncü bir dildə olan müqavilə mətni əsas götürülməklə istifadə edilə bilsin.
Qısaca desək, beynəlxalq müqavilələrin paraflanması tərəflər üçün hüquqi məcburliyi olan öhdəlik yaratmayan əsasən texniki razılaşma proseduru, imzalanma, ratifikasiya və təsdiq isə hüquqi öhdəlik doğuran rəsmi aktdır" - Rizvan Nəbiyev bildirib.