AZ

Prezident İlham Əliyevin uğurlu siyasəti regionda iqtisadi stabilliyə, enerji təchizatının təhlükəsizliyinə bir töhfədir - RƏY

Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə Suriyaya ixracına başlanılması təkcə iqtisadi layihə deyil, həm də Cənubi Qafqazdan Yaxın Şərqə uzanan yeni strateji körpünün formalaşması deməkdir.

Bu "Report"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili danışıb.

O xatırladıb ki, iyulun 12-də Suriya Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyevlə keçirilən görüş zamanı iki ölkə arasında, xüsusən də enerji sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayrılmışdı:

"Görüşün nəticəsi olaraq SOCAR ilə Suriya hökuməti arasında təbii qaz sahəsində Anlaşma Memorandumu imzalandı. Cəmi bir neçə həftə ərzində bu razılaşma konkret ixrac əməliyyatı ilə nəticələndi. Bu, Azərbaycanın sürətli diplomatiya və texniki potensialının bariz nümunəsidir".

İqtisadçının sözlərinə görə, Azərbaycan artıq dünyada özünü etibarlı enerji tərəfdaşı kimi artıq sübut edib:

"Son illərdə Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib. Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) boru xətləri ilə Azərbaycan qazı İtaliyaya qədər çatdırılır. İndi isə Bakı qazı Yaxın Şərqə doğru istiqamətlənir. Suriyaya ixrac Azərbaycanın enerji təchizatçısı kimi rolunu Avropa sərhədlərindən kənara çıxararaq daha geniş geoiqtisadi platformaya daşıyır. Azərbaycan bu addımla özünü yalnız iqtisadi deyil, həm də humanitar məsuliyyət daşıyan dövlət kimi təqdim edir. Müharibədən çıxmış, enerji infrastrukturu sıradan çıxmış Suriyaya qaz ixracı həmin ölkədə sosial sabitlik və həyat şəraitinin yaxşılaşdırılmasına dəstək verəcək".

Deputat hesab edir ki, Azərbaycanın Suriyada enerji bazarına daxil olması bir neçə cəhətdən strateji məna daşıyır:

"Əvvəla, bu regionda uzun müddət dominant rol oynayan güclərin yanında yeni, neytral və çevik oyunçu meydana çıxır. İkincisi, bu proses Türkiyə üzərindən həyata keçirilir ki, bu da Ankara-Bakı enerji ittifaqının bölgədəki təsirini daha da gücləndirir. Azərbaycanın Yaxın Şərqə daxil olması sırf siyasi maraqlardan doğmur. Bu, regionda iqtisadi stabilliyə, enerji təchizatının təhlükəsizliyinə və əməkdaşlıq ruhuna verilən bir töhfədir. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən bu siyasət Azərbaycanın milli maraqlarına xidmət edir".

Müsahib vurğulayıb ki, Azərbaycanın son dövrdə həyata keçirdiyi enerji diplomatiyası “enerji ilə sabitlik və sülhə töhfə” modelinə əsaslanır:

"Gürcüstandan başlayaraq Türkiyə, Balkanlar, Orta və Qərbi Avropa, indi isə Yaxın Şərq – bu marşrut Azərbaycanın beynəlxalq nüfuzunun coğrafi genişliyini göstərir. Suriyaya qaz ixracı həm də onu göstərir ki, Bakı beynəlxalq proseslərə yalnız istehlakçı və ya tranzit ölkə kimi deyil, aktiv təşəbbüskar aktor kimi qoşulur. Bu təşəbbüs Azərbaycanın regional diplomatiyasında yeni mərhələnin – sabitlik ixrac edən dövlət modelinin formalaşmasının bir göstəricisidir. Beləliklə, Kilis-Suriya qaz marşrutu Azərbaycanın enerji siyasətində yeni səhifə açır. Bu hadisə təkcə bir ixrac əməliyyatı deyil, həm də Azərbaycanın Cənubi Qafqazdan Yaxın Şərqə uzanan nüfuz xəritəsinin genişlənməsi deməkdir. Etibarlı tərəfdaş, çevik diplomat və humanitar məsuliyyət daşıyan enerji gücü – Azərbaycan bu üç kimliyi uğurla birləşdirərək bölgədə mühüm oyunçulardan birinə çevrilir".

Seçilən
53
50
report.az

10Mənbələr