"Fənərbağça" klubunun baş məşqçisi Joze Mourinyo keçmiş futbolçusu və kapitanı Jorj Koştanın vəfatı ilə bağlı sual zamanı duyğularına hakim ola bilməyib.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis mətbuat konfransı zamanı göz yaşlarını saxlaya bilməyərək ağlayıb.
Portuqaliyalı çalışdırıcı Jorj Koşta ilə 2002–2004-cü illərdə "Portu" klubunda birlikdə çalışıb. Həmin dövrdə Koşta komandada kapitanlıq etmiş və Mourinyonun rəhbərliyi altında 2004-cü ildə UEFA Çempionlar Liqasının qalibi olmuşdu.
Qeyd edək ki, Jorj Koşta "Portu"nun heyətində 1990–2005-ci illər aralığında çıxış edib. Bu müddət ərzində o, 8 dəfə Portuqaliya çempionu, 5 dəfə ölkə kuboku, 8 dəfə Superkubok, eləcə də UEFA Kuboku və Qitələrarası Kubokun qalibi olub.