AZ

Qeyri-neft ixracı və iqtisadi diversifikasiyada yeni müddəalar - ŞƏRH

Azərbaycanda həyata keçirilən sənayeləşmə siyasətinin əsas strateji dayaqlarından biri kimi formalaşan sənaye zonaları son illərdə qeyri-neft sektorunun inkişafında mühüm rol oynamağa başlayıb. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin 2025-ci ilin ilk yarısına dair açıqladığı statistik göstəricilər bu zonaların ölkənin iqtisadi strukturu daxilində mövqeyinin gücləndiyini aydın şəkildə nümayiş etdirir. Belə ki, sənaye zonalarında istehsal olunan məhsulların ümumi dəyəri 1,83 milyard manata çatmaqla qeyri-neft sənayesi məhsullarının istehsalında 18,7 faiz, ixracında isə 28,3 faiz paya malik olub. Bu göstəricilər həmin zonaların təkcə daxili bazar üçün deyil, həm də ixrac yönümlü istehsalat sahələri kimi formalaşdığını göstərir.

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı son onilliklərdə aparılan islahatların və strateji planlaşdırmanın əsas məqsədlərindən biri kimi müəyyən edilib. Bu kontekstdə sənaye zonalarının yaradılması ölkənin istehsal potensialını artırmaqla yanaşı, iqtisadi diversifikasiya siyasətinin praktiki təzahürlərindən biridir. Hazırda ölkədə 13 sənaye zonası fəaliyyət göstərir ki, bu da regional iqtisadi fəallığın balanslı şəkildə inkişafına, bölgələrdə yeni iş yerlərinin yaradılmasına və yerli resursların səmərəli istifadəsinə şərait yaradır. Zaman keçdikcə bu zonalar daha çox investisiya cəlb etməyə başlayıb. Agentliyin məlumatına əsasən, artıq 160 rezident və 12 qeyri-rezident sahibkarın iştirakı ilə 8 milyard manatdan çox dəyərində investisiya portfeli formalaşıb.

Bu fakt özü-özlüyündə bir neçə vacib məqamı əks etdirir. Əvvəla, sənaye zonaları investisiya cəlbediciliyi baxımından mühüm platforma kimi çıxış edir. Sahibkarlar üçün infrastrukturun hazır vəziyyətdə təqdim olunması, vergi və gömrük güzəştləri, idarəetmədə çeviklik və şəffaflıq kimi faktorlar bu zonalarda biznes mühitini daha da stimullaşdırır. İkinci vacib məqam, sənaye zonalarının ixrac potensialını artırmasıdır. Məhz bu amil qeyri-neft ixracının artımında xüsusi əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan əsasən kənd təsərrüfatı və emal məhsulları ilə yanaşı, sənaye yönümlü məhsulları da xarici bazarlara çıxarmağa başlayıb ki, bu da ticarət balansının tarazlanmasına müsbət təsir göstərir.

Sənaye zonalarının inkişafı həm də texnologiyaların lokallaşdırılması, innovasiya transferi və qabaqcıl sənaye modellərinin ölkə iqtisadiyyatına inteqrasiyası baxımından da strateji əhəmiyyət daşıyır. Bir çox müəssisələrin fəaliyyəti nəticəsində yerli istehsal texnologiyalarının təkmilləşməsi və yeni texnoloji parkların yaranması müşahidə olunur. Bu isə bütövlükdə sənaye sahəsində rəqabət qabiliyyətinin yüksəlməsinə, məhsul keyfiyyətinin və çeşidinin artmasına səbəb olur. Bütün bunlar daxili bazarın təminatında dayanıqlılıq yaratmaqla yanaşı, xarici bazarlarda Azərbaycan məhsullarının tanınmasını və mövqeyinin möhkəmlənməsini də təmin edir.

Eyni zamanda sənaye zonalarının regional inkişafda oynadığı rol xüsusilə vurğulanmalıdır. Bu zonalar adətən paytaxtdan kənarda, bölgələrdə yerləşdiyi üçün regionların iqtisadi aktivliyinin artmasına və yerli əhalinin məşğulluğunun təmin olunmasına zəmin yaradır. Bu, eyni zamanda ölkə daxilində miqrasiya axınlarının optimallaşmasına və sosial sabitliyin qorunmasına töhfə verir. Ümumilikdə, sənaye zonaları regional inkişaf siyasətinin mühüm alətlərindən birinə çevrilib.

Məlum faktlardan da göründüyü kimi, sənaye zonalarının formalaşdırılması və inkişafı yalnız sənaye istehsalının artımı ilə məhdudlaşmır. Bu proses daha genişmiqyaslı iqtisadi məqsədləri hədəfləyir: iqtisadiyyatın struktur baxımından diversifikasiyası, qeyri-neft ixracatının stimullaşdırılması, regional fərqlərin azaldılması və texnoloji inkişafın təşviqi. Bu səbəbdən, dövlətin bu sahəyə verdiyi prioritet və gələcək illər üçün planlaşdırılan dəstək tədbirləri iqtisadi artımın davamlılığını və dayanıqlığını təmin edə bilər.

Seçilən
124
50
aznews.az

10Mənbələr