AZ

Azərbaycanda turizmin yeni mərhələsi başlayır

Bir zamanlar  tamamilə viran qalmış Ağdam bu gün sürətlə qurulur və özünün inkişaf mərhələsinə qədəm qoyur. Uzun illər tərk edilmiş və dağıdılmış vəziyyətdə olan torpaqlar dövlətimizin məqsədyönlü siyasəti və genişmiqyaslı bərpa işləri nəticəsində canlanır, nəfəs alır.  

Artıq şəhərin siması dəyişir, müasir infrastruktur layihələri, sosial və iqtisadi obyektlər ard-arda inşa olunur. Ağdam sadəcə keçmişin acı xatirələri ilə yada düşmür, çağdaş, cəlbedici və perspektivli bir şəhər kimi tanınmağa başlayır. "Qafqazın Xirosiması" dinamik inkişaf edən bir məkana çevrilərək yeni bir tarix yazır. Bu, küllərdən doğan qığılcımı alova çevirən tarixdir, viranənin yerində qurulan  həyatın, ümidin və gələcəyin tarixidir. Bu tarix bir xalqın öz torpağında yazdığı dirçəliş salnaməsidir. 

Həmin dirçəlişin simvollarından biri də Ağdam Sənaye Parkıdır. Park təkcə iqtisadiyyat üçün deyil, həm də Ağdamın gələcəyinin və potensialının göstəricisi kimi diqqət çəkir, regionun iqtisadi potensialını artırmağa, iş yerləri yaratmağa və yerli istehsalı gücləndirməyə yönəlmiş mühüm layihələrdən biri kimi çıxış edir. Sənaye Parkının məhz Ağdam şəhərində salınması  sosial və strateji cəhətdən mühüm əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalmış və tamamilə dağıdılmış bu ərazidə sənaye sektorunun fəaliyyətə başlaması bölgənin dirçəlişi və bərpası üçün güclü bir təkandır.  Bu layihə vasitəsilə bölgəyə sərmayələr cəlb olunur, yeni iş yerləri yaradılır, yerli əhalinin məşğulluğu təmin edilir və əhalinin doğma torpaqlara qayıdışına şərait yaradılır. Üstəlik də Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inteqrasiyası sürətləndirilir, sahibkarlığın inkişafına şərait yaradılır və yerli istehsalın dəstəklənməsi təmin olunur. Parkda fəaliyyət göstərən müəssisələr həm daxili bazarın tələbatını ödəməyə, həm də ixrac potensialını artırmağa xidmət edir. Bu isə o deməkdir ki, Ağdam yaxın gələcəkdə Azərbaycanın əsas sənaye mərkəzlərindən birinə çevrilə bilər. Bu gün Ağdam Sənaye Parkı, vurğuladığımız kimi, dağıntıların yerində qurulan ümid, inkişaf və sabitliyin simvoludur. 

Parkda ümumi investisiyaların həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb, 650-dən artıq daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 10 müəssisə fəaliyyət göstərir, 7 müəssisənin tikintisi davam edir, 16 müəssisənin isə layihələndirilməsi işləri görülür. Ərazinin 70 faizdən çoxu artıq sahibkarların istifadəsinə verilib. Burada indiyədək 471 milyon manatdan çox məhsul satışı həyata keçirilib ki, bunun da 17,7 milyon manatlıq hissəsi ixracın payına düşür. İstehsal edilən məhsullar daxili bazara satılmaqla yanaşı, "Made in Azerbaijan" brendi ilə Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Qazaxıstan və s. ölkələrə ixrac edilir. Bu, Ağdamın adının təkcə siyasət kitablarında deyil, beynəlxalq ticarət müqavilələrində də yer almasıdır.  

Ağdam Sənaye Parkında fəaliyyətə başlayan müəssisələr arasında sosial və iqtisadi baxımdan əhəmiyyətli nümunələrdən biri də "Tabaterra" MMC-dir. Prezident İlham Əliyev bir müddət əvvəl - iyulun 18-də "Tabaterra" MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin açılışında iştirak edib. Bu müəssisə tütün məmulatlarının istehsalı üzrə ixtisaslaşıb və qısa müddətdə bölgənin ən iri işəgötürənlərindən birinə çevrilib. Burada 400-ə yaxın yeni iş yeri yaradılıb ki, bu da sadəcə rəqəm deyil, Ağdamın sosial-iqtisadi dirçəlişində atılmış ciddi addımdır. Daha önəmlisi isə bu iş yerlərinin böyük hissəsi yerli sakinlərə, yəni Ağdam və ətraf rayonlardan olan insanlara təqdim edilib. Nəticədə uzun illər doğma torpaqlarından ayrı düşən insanlar indi sadəcə evlərinə deyil, öz yurdlarında dolanışıq tapmaq imkanına da qovuşurlar. 

Xatırladaq ki, investisiya dəyəri 58 milyon manat təşkil edən "Tabaterra" tütün məmulatlarının istehsalı sahəsində ölkənin aparıcı müəssisələrindən biri hesab olunur. Müəssisə müasir texnologiyalarla təchiz olunmuş istehsal sahəsində fəaliyyət göstərərək, 20-dən çox tanınmış brend üzrə 120-dən artıq çeşiddə tütün məhsulunun istehsalını həyata keçirir. İstehsal prosesində Almaniya, İtaliya və Böyük Britaniyanın qabaqcıl texnologiyalarına əsaslanan avadanlıqlardan istifadə olunur ki, bu da məhsulların yüksək keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təmin edir. 

"Tabaterra"da fəaliyyət göstərən 9 tam avtomatlaşdırılmış istehsal xətti həm məhsuldarlığın artırılmasına, həm də əməliyyatların effektiv şəkildə idarə olunmasına şərait yaradır.  Qeyd edək ki, "Tabaterra" MMC öz məhsulları ilə yanaşı, "British American Tobacco", "Japan Tobacco International" və "Imperial Brands" şirkətlərinə məxsus beynəlxalq brendləri lisenziya əsasında istehsal edir və ixracını həyata keçirir. 2024-cü ilin  nəticələrinə görə, "Tabaterra" MMC qeyri-neft və özəl sektor üzrə qabaqcıl ixracatçı və  ən iri vergi ödəyicisi olub. 

Ağdam Sənaye Parkı Qarabağın iqtisadi dirçəlişində mühüm bir addım olaraq regional inkişafı dəstəkləyir və ölkənin sənaye potensialını gücləndirir. "Tabaterra" MMC-nin bu parka investisiya yatırması və beynəlxalq brendlərlə əməkdaşlıq etməsi Azərbaycanın qlobal bazarlarda mövqeyini möhkəmləndirir. Bu cür təşəbbüslər, həm də yerli əhalinin məşğulluğunu artıraraq sosial rifahın yüksəlməsinə töhfə verir.

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
51
50
azerbaijan-news.az

10Mənbələr