AZ

"Tramp Ağ Evdə Əliyevlə və Paşinyanla əvvəl təklikdə görüşəcək, sonra saziş imzalanacaq..."


Yayılan məlumatlara əsasən, Azərbaycan və Ermənistan bu həftəsonu Vaşinqtonda sülh niyyətlərini elan etməyə hazırlaşır.

Qeyd edilir ki, prezident Donald Trampın avqustun 8-də Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanı qəbul edəcəyi gözlənilir. O da vurğulanır ki, ABŞ prezidenti Paşinyanla və Əliyevlə ayrıca görüşlər keçirəcək və daha sonra üç liderin birgə bəyanatı olacaq.

“Middle East Eye” saytı da məsələdən xəbərdar olan regional mənbələrə istinadən bildirib ki, Azərbaycan və Ermənistan Vaşinqtonda anlaşma memorandumu imzalayacaq: “Mənbələr ABŞ prezidenti Donald Trampın imzalanma mərasimi üçün Ağ Evdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edəcəyini bildiriblər. Mənbələrin sözlərinə görə, iki liderin sülh sazişinin layihəsindən daha çox “niyyət məktubu” imzalayacağı gözlənilir. Bu, Trampa ötən aydan bəri regionda axtardığı diplomatik nailiyyəti təmin etmiş olacaq”. Ermənistan baş nazirinin ofisi Vaşinqton görüşü ilə bağlı məlumatı nə təkzib, nə də təsdiq edib: “Hazırda baş nazir Paşinyanın ABŞ-a gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatları nə təkzib, nə də təsdiq edə bilərik”. Gözlənilən Ağ Ev sammiti iki lider arasında iyulda Əbu-Dabi şəhərində baş tutan görüşdən sonra keçirilir. Görüşdən sonra liderlər bildirmişdi ki, hər iki ölkə bir neçə ay ərzində sazişin əsas prinsiplərini yekunlaşdıra və sonra paraflaya bilər. Baş verənlər fonunda Ermənistanın “armenianreport” portalı yazır: “Ermənistan və xarici KİV-lər baş nazir Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin cümə günü Vaşinqtonda mümkün görüşü barədə məlumat yayıb. Qeyri-rəsmi məlumata görə, görüş ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə keçiriləcək və sülh sazişinin imzalanması ilə yekunlaşacaq. Ermənistan hökumətinin mətbuat xidməti artıq bu şayiələri “nə təsdiq edə, nə də təkzib edə bilməyəcəyini” bəyan etməyə tələsərək, “səfər olacağı təqdirdə” rəsmi açıqlama verəcəyini vəd edib. Lakin bu cür ritorika çoxdan mövcud hakimiyyətin imza üslubu olub: tənqidi məlumatları öz adamlarından son ana qədər gizlətmək, onları vaxtında reaksiya vermək imkanından məhrum etmək. Məlumat təsdiqlənərsə, o zaman cümə günü Tramp əvvəlcə Paşinyanı, daha sonra Əliyevi qəbul edəcək, bundan sonra üç liderin birgə bəyanatı olacaq. Bununla belə, gəlin əvvəlcə sadə bir suala cavab verək – Trampa bu sülh niyə bu qədər lazımdır? Aydındır ki, Vaşinqtonda mümkün tarixi görüş ABŞ-ın altruist təşəbbüsü deyil. ABŞ-ın respublikaçı senatoru Stiv Deyns “The Wall Street Journal” üçün yazdığı məqalədə mümkün razılaşmanı birbaşa Tramp administrasiyası üçün “görkəmli nailiyyət” adlandırıb. Onun sözlərinə görə, Tramp regionda və onun hüdudlarından kənarda rifahı və sabitliyi təşviq edir. Deyns əlavə edib ki, regionda və dünyada sülh və sabitlik naminə Ermənistan və Azərbaycan liderləri dərhal onun imzalanmasını başa çatdırmalıdırlar. Gördüyümüz kimi, Trampın dünyanın baş sülhməramlısı kimi təqdimatı üçün fəal hazırlıq gedir. Nə üçün? Nəhayət ona Nobel Sülh Mükafatını vermək üçün!

Tramp buna təşnədir. Və buna görə də onun hardasa və hansısa yolla sıçrayışa ehtiyacı var. Axı, reallıqda ABŞ prezidenti çətin xarici siyasət situasiyası ilə üzləşib. Rusiya, Çin və Hindistan açıq şəkildə onun təhdid və sanksiyalarına məhəl qoymurlar. Hindistan və Çin Rusiya neftini almağa davam edir və Pekin də Ukraynaya qarşı müharibədə Kremlə texnoloji yardım edir. Dünya gücləri ilə qarşıdurmada aşkar zəiflik fonunda Tramp amerikalı seçicilərə şəxsi uğur kimi satıla biləcək xarici siyasət “qələbəsi” axtarır. Bölgəmiz isə onun getdikcə şoumenə oxşayan hazırkı ABŞ prezidentini təbliğ etmək üçün əlverişli platformaya çevrilib. O, əlbəttə ki, bizim hisslərimizə əhəmiyyət vermir. Böyük siyasət dünyası həmişə qəddar olub. Aydındır ki, indiki şəraitdə belə bir sənədin imzalanması təkcə siyasi səhv olmayacaq - bu, Ermənistanın milli maraqlarına xəyanət olacaq. Bakı və Vaşinqtonun ultimatumları ilə dəstəklənən istənilən “sülh kağızı” xalqımızın hüquqları uğrunda mübarizədən imtinadır. Bu gün bizə deyirlər ki, Paşinyanın səfəri “təsdiq edilməyib”. Amma sabah biz liderləri bağlı qapılar arxasında kapitulyasiyaya imza atmış bir ölkədə oyana bilərik. Və hələ hər şeyi düzəltmək üçün hələ də şans var. Əgər Nikol Paşinyan həqiqətən də bu addımı atmağa qərar verərsə, biz ona ümumxalq etirazı ilə cavab verməyə borcluyuq. Biz açıq şəkildə bildirməliyik: heç bir liderin Ermənistanın gələcəyini müəyyən edən sazişləri xalqdan gizli şəkildə imzalamağa haqqı yoxdur. Tramp xarici siyasət oyununda bizdən alver vasitəsi kimi istifadə etmək istəyir. Əliyev qələbənin nəticələrini konsolidasiya etmək istəyir. Paşinyan bu işdə onlara kömək etməyə hazır görünür. Amma erməni xalqının “yox” deməyə haqqı var”. Qeyd edək ki, Respublikaçılar Partiyasının üzvü, amerikalı senator Stiv Deyns “The Wall Street Journal” üçün yazdığı məqalədə mühüm məqamlara diqqət çəkib: “ABŞ prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamaq ərəfəsindədir. Bu, möhtəşəm nailiyyət – regional və beynəlxalq sülhə töhfə verəcək sabitliyə doğru atılan daha bir addım, eləcə də iştirak edən ölkələrin sərhədlərindən çox-çox uzaqlara çıxan iqtisadi faydalar olacaq”. ​Senatorun sözlərinə görə, üçüncü dövlətlərin və ya təşkilatların sülh yaratmaq cəhdlərinin çoxu nəticəsiz olub. Deyns qeyd edib ki, əvvəlki ABŞ administrasiyaları regiona və sülh danışıqlarına prioritet diqqət göstərməyib. Onun sözlərinə görə, Tramp regionda və onun hüdudlarından kənarda artımı və sabitliyi təşviq edir. Deyns əlavə edib ki, Ermənistan və Azərbaycan liderləri tərəfindən tezliklə bu sazişin imzalanması Cənubi Qafqazda və bütün dünyada sülh və sabitliyə töhfə verəcək.

Nahid SALAYEV

Seçilən
49
31
baki-xeber.com

10Mənbələr