Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın bu cümə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi gözlənilir. Bu barədə ABŞ-da yaşayan jurnalist Alex (Ələkbər) Raufoğlu öz X hesabında məlumat verib. O bildirib ki, Bakı və İrəvan Vaşinqtonda sülh sazişi imzalama niyyətini bu həftə elan edə bilər. Qeyd edək ki, bu barədə rəsmi təsdiq hələlik yoxdur.
Bu məqamda sual ortaya çıxır ki, Ağ Ev Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanmasına hansı səbəblərdən nail olmaq istəyir? Trampın üçtərəfli görüş keçirəcəyi ilə bağlı məlumatları və sülhə doğru müəyyən addımların atılacağını nəzərə alsaq, rəsmi Bakı şərtlərini diqtə etməyə davan edəcəkmi? Ermənistanda hələ də Konstitusiya dəyişikliyi baş tutmayıb, ATƏT-in Minsk qrupu ləğv olunmayıb. Bunlar ikinci mərhələyə saxlanıla bilərmi? Yoxsa, Bakı bu məsələlərə prinsipial yanaşacaq? Kremlin Cənubi Qafqaza təzyiqləri və yeni təxribatlar hazırlığında olması fonunda proseslər necə irəliləyə bilər?
Sitatinfo-nun suallarını cavablandıran Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev bildirdi ki, Trampın bu məsələdə vasitəçiliyi üzərinə götürməsinin səbəbləri var: "Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vaşinqtonda sülh sazişini imzalamaqla bağlı görüşə hazırlaşması barədə KİV-də məlumatlar paylaşılsa da, bu ehtimal xarakterlidir və rəsmi şəkildə bəyan edilməyib. Məlumdur ki, ABŞ prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına ciddi şəkildə maraq göstərir. O, seçkiöncəki kampaniyasında da bu haqda dəfələrlə məlumat vermişdi. İstər Rusiya-Ukrayna münaqişəsi, istərsə də digər məsələlərlə bağlı verdiyi bir çox bəyanatlar öz təsdiqini tapmadı. Lakin problemlərin həlli istiqamətində Tramp səylərini artırmaqda davam edir. Ağ Ev üçün prioritet məsələ Cənubi Qafqazda Rusiya təsirinin artırılmasıdır. Buna görə də ABŞ regionda aktivləşməyə çalışır və sülh prosesində vasitəçilik rolunu üzərinə götürməyə çalışır".
Millət vəkili vurğuladı ki, sülhün sazişinin imzalanması üçün Ermənistan rəhbərliyinin siyasi iradə nümayiş etdirəyək, rəsmi Bakının şərtlərini yerinə yetirməsi mütləqdir: "Prezidenti İlham Əliyev öz çıxışlarında bildirib ki, Azərbaycan sülh sazişini imzalamağa hazırdır. Lakin Ermənistan bunun üçün öz siyasi iradəsini ortaya qoymalıdır. Paşinyanın son vaxtlar Rusiyadan aralanmaq cəhdi, Qərbə yönəlməsi, Fransa və ABŞ ilə hərbi-diplomatik əməkdaşlığı genişləndirməsi bir daha göstərir ki, həqiqətən də onlar Rusiyanın vasitəçi olmasını istəmir və müvafiq addımlar atırlar. Sülh bərqərar olarsa, burada həm Qərb, həm də ABŞ özünü siyasi, iqtisadi, hərbi baxımdan öz maraqlarını ortaya qoya bilər. Ancaq Azərbaycan da mütləq şəkildə öz tələblərini irəli sürməli və buna nail olmalıdır. Bu istiqamətdə də addımlar atılır. Burada birinci şərt Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Azərbaycanın təklif etdiyi digər bir məsələ ATƏT-in Minsk qrupudur ki, onun da fəaliyyəti deklorativ bəyanatlardan o yana keçmədiyinə görə bu qurum ləğv olunmalıdır və rəsmi sənədlərdə bu öz əksini tapmalıdır".
A.Nağıyevin fikrincə, bütün bunlar baş tutarsa belə, Kremlin Cənubi Qafqazda təxribat cəhdləri davam edəcək: "Əsas məsələ də odur ki, Kreml Cənubi Qafqazda öz nüfuzunu itirsə , onlar çalışacaqlar ki, yenidən öz nüfuzlarını bərpa etmək üçün addımlar atsınlar. Biz artıq bunları görürük. Ermənistan daxilində müxalifətin dəstəklənməsi, separatizmin təşviqi, Kilsə məsələsinin ortaya qoyulması və sair proseslər Kreml tərəfindən mütəmadi olaraq ortaya atılır. Bakı isə bu məsələyə öz prizmasından yanaşır. Konstitusiya və Minsk Qrupu məsələsi mütləq şəkildə öz həllini tapmalıdır.
Burada Qərbin və Türkiyənin də dəstəyi ola bilər. Kreml isə bu prosesləri ciddi cəhdlə gecikdirməyə çalışacaq. Sülh müqaviləsinin imzalanması mütləqdir, ABŞ adminstrasiyası da bunda maraqlıdır. Tramp sülhə nail olmaqla ölkəsinin həqiqətən ciddi bir dövlət olduğunu ortaya qoysun. Əgər bu görüş baş tutsa, sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması, sərhədboyu təhlükəsizlik məsələsi, Zəngəzur dəhlizinin açılması məsələsi də müzakirə oluna bilər. Qarabağdan köçən erməni əhalinin reinteqrasiya məsələsi də gündəmə gələ bilər. O zaman biz də Qərbi Azərbaycan məsələsini ortaya qoya bilərik. İnsan hüquqları, beynəlxalq zəmanətlər və vasitəçilik konkret müddəalarla müzakirə olunub ortaya nəticələr qoyula bilər. Bu görüş ciddi bir siyasi hadisə ola bilər. Bunun üçün Ermənistan ciddi addımlar atmalıdır. ABŞ Azərbaycanın bütün maraqları nəzərə alınmaqla bu məsələnin həllinə çalışmalıdır. Azərbaycan Avropanın və Amerikanın maraqlarına uyğun olaraq, enerji təhlükəsizliyinə təhdidlərin qarşısını ala bir dövlətdir. Bütün bunlar nəzərə alınmalı və Azərbaycanın özün apardığı müstəqil daxili və xarici siyasətinə uyğun şəkildə imzalana biləcək sülh müqaviləsində ortada olmalıdır. Bu gün üçün bu proseslərin baş tutması mümkün görünmür. Lakin sülhə aparan hər bir mərhələ bir daha göstərir ki, iki dövlət arasında sülhün bərqərar olması supergüclərin də marağındadır və mütləq həllini tapacaq".
Aytac,
Sitat.info