"Hədəf mülki əhali və infrastruktur olub, yaralılar arasında uşaqlar da var..."
Avqustun 5-nə keçən gecəsi Ukraynanın Xarkov vilayətinin Lozovaya şəhəri Rusiya ordusunun müharibənin əvvəlindən bəri həyata keçirdiyi ən kütləvi hücuma məruz qalıb.
Moderator.az xəbər verir ki, bu barədə "obozrevatel.com" nəşri məlumat yayıb.
Məlumatda deyilir ki, şəhər rəhbəri Sergey Zelenski bu hadisəni "sakit yatmaqda olan mülki insanlara qarşı açıq terror" adlandırıb.

Zərbə nəticəsində şəhərin kritik infrastrukturu, o cümlədən dəmir yolu vağzalı, yaşayış binaları və fərdi evlər dağılıb. Bir çox ərazi işıqsız və susuz qalıb. Avilovka və Katerinovka kənd dairələrində elektrik təchizatı kəsilib. Xilasetmə xidmətləri və təcili tibbi yardım briqadaları hadisə yerində işləyir, dağıntıların miqyası qeydə alınır.
Ukrayna Dəmir Yolları hücum zamanı dəmir yolu infrastrukturunun da zərər gördüyünü təsdiqləyib. Bir mexanik həyatını itirib, dörd dəmir yolu işçisi isə yaralanıb. Hücumdan sonra bəzi qatarların marşrutları dəyişdirilib, Lozovayaya gələn və gedən sərnişinlər üçün alternativ avtobus nəqliyyatı təşkil olunub.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, həmin gecə Rusiya Ukrayna ərazisinə 46 kamikadze dron (əsasən "Shahed" tipli) və "İsgəndər-M" ballistik raketi ilə hücum edib. Onlardan 29-u hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub və ya zərərsizləşdirilib. Lakin 17 dronun hədəfə çatdığı bildirilir. Raket və dronlar Rusiyanın Kursk, Bryansk, Orlov və Primorsko-Axtarsk bölgələrindən buraxılıb.
Zərbə nəticəsində iki uşaq da daxil olmaqla bir neçə dinc sakin yaralanıb. Bundan əvvəl, avqustun 3-də Rusiyanın Zaporoje və Nikolayev şəhərlərinə etdiyi hücumlarda da bir neçə nəfər həlak olub, evlər və fövqəladə xidmətlərin avadanlıqları dağıdılıb.
Analitiklər xəbərdarlıq edir ki, Rusiya işğal olunmuş Ukrayna ərazilərindən dron hücumları üçün yeni meydançalar quraraq, hava hücumundan müdafiə sistemlərinə təzyiqi artırmağa çalışır. Bu isə yaxın gələcəkdə daha mürəkkəb və çoxsəviyyəli hücumların baş verə biləcəyini göstərir.