"Sumqayıt Texnologiyalar Parkı" (STP) Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Müşahidə Şurasının sədri vəzifəsinə Mir Camal Paşayevin təyin edilməsi barədə qərar qəbul olunub. Eyni zamanda, şirkətin baş icraçı direktoru vəzifəsinə Ələkbər Abbaslının, Müşahidə Şurasına üzv vəzifəsinə isə Kamran Nəbizadənin təyin olunmasına dair qərar qəbul olunub.
STP-nin Müşahidə Şurasının yeni sədri Mir Camal Paşayev uzun illər ərzində "PAŞA Qrup"a daxil olan strukturlarda rəhbər vəzifələrdə fəaliyyət göstərib, korporativ idarəetmə və strateji planlaşdırma sahəsində zəngin təcrübə qazanıb. Bu baxımdan, yeni sədrin rəhbərliyi STP-nin institusional gücünü daha da artıracaq və dayanıqlı inkişafına töhfə verəcək.
Ələkbər Abbaslı 2023-2024-cü illərdə STP-nin Müşahidə Şurasının üzvü olub. Yeni baş icraçı direktor daha əvvəl SOCAR, "Equinor", "Ernst & Young", PwC, "PAŞA İnşaat" və bir sıra digər iri şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Onun fəaliyyəti energetika və tikinti sahələrini əhatə edir və bu da öz növbəsində STP-nin növbəti inkişaf mərhələsinin həyata keçirilməsi üçün möhkəm zəmin yaradır.
Kamran Nəbizadə, iqtisadiyyat üzrə fəlsəfə doktorudur. Karyerası ərzində SOCAR, LUKOIL və Azərbaycan Sənaye Korporasiyası kimi qurumlarda rəhbər vəzifələrdə çalışıb, 2015-2020-ci illərdə Milli Məclisin deputatı olaraq beynəlxalq parlament əməkdaşlığı və sənaye siyasətləri sahəsində fəal iştirak edib.
Yeni rəhbər heyətin iştirakı ilə STP əməliyyat səmərəliliyinin artırılması, texnoloji yenilənmə və davamlı inkişafı hədəfləyən transformasiya mərhələsinə start verib.
Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini Nəriman Sərdarlı, baş icraçı direktor vəzifəsini isə Hicran Valehov icra ediblər.
Hazırda "STP Şirkətlər Qrupu" 250 hektarlıq ərazidə, 30-dan çox istehsalat sahəsi ilə fəaliyyət göstərir və burada 2 000-dən artıq əməkdaş çalışır. Şirkət "Made in Azerbaijan" brendi altında Avropa, Rusiya, Türkiyə və Orta Asiya bazarlarına yüksəkkeyfiyyətli məhsullar ixrac edir. "STP Şirkətlər Qrupu"nun tərkibində fəaliyyət göstərən şirkətlərin bütün məhsul və xidmətləri haqqında ətraflı məlumatı "*0990" nömrəsi ilə əlaqə saxlayaraq, rəsmi internet səhifəsinə daxil olaraq və ya sosial şəbəkələrdəki səhifələri izləyərək əldə edə bilərsiniz.