Xəbər verdiyimiz kimi, bu gün günün ikinci yarsında Qəbələnin Laza kəndində istirahət edən bir qrup xarici ölkə vətəndaşı kvadrosiki kimi tanınan idman nəqliyyat vasitələrini idarə edərkən bir-biri ilə toqquşub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin məlumatlara görə, kiçikhəcmli nəqliyyt vasitələrini idarə edən qadınlar olub və hər ikisində də əlavə sərnişin oturub.
İlk dəfə sükan arxasında oturan qadınlar sürət həddini aşdığından kvadrosiki idarəetmədən çıxaraq qarşıdan gələn digəri ilə toqquşub.
Nəticədə hər iki sürücü və onların sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə dərhal Təcili Tibbi yardım briqadası cəlb olunub və ilkin tibbi yardımdan sonra turistlər Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanada onlar müayinədən keçirilib və müalicələri başlanılıb. Həkimlər yaralıların vəziyyətlərini orta-ağır olaraq qiymətləndirir.
Faktla bağlı araşdırma başlanılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu