AZ

Bu çimərliklərdə çimmək olmaz!

Yazını böyüt
Yazını kiçilt

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi hesabatı göstərir ki, paytaxt və ətraf ərazilərdə yerləşən bəzi çimərliklərdə dəniz suyunun təmizliyi qənaətbəxş deyil. Şıx və Pirşağı kimi çimərliklərə çirkab suların axıdılması səbəbindən bu ərazilərdə çimmək tövsiyə olunmur və sağlamlıq baxımından təhlükəli hesab edilir.

Hafta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov deyib.

O bildirib ki, təhlükəsizlik və sağlamlıq baxımından dəniz suyunun daha təmiz olduğu əraziləri seçmək məqsədəuyğundur.

“Mən, xüsusilə Bakıdan bir qədər kənarda yerləşən çimərlikləri tövsiyə edərdim. Bu ərazilərdə dənizə çirkab su axını müşahidə olunmur və suyun təmizliyi nisbətən daha yüksək səviyyədə qiymətləndirilir. Düzdür, onların bir qismi rəsmi olaraq çimərlik kimi təsnif olunmasa da, sadəcə dəniz sahili kimi istifadə edilir”.

Ekoloqun sözlərinə görə, Bakının yaxınlığında çimmək üçün daha münasib ərazilərdən biri də Zirə qəsəbəsinə yaxın yerləşən çimərliklərdir:

“Buradakı dəniz suyunun digər ərazilərlə müqayisədə daha az çirkləndiyi müşahidə olunur. Xüsusilə Abşeron Milli Parkına gedən yol üzərində, Zirə kəndini keçdikdən sonra yerləşən sahillər çimərlik üçün daha əlverişli hesab edilir”.

Son olaraq R.Abbasov onu da əlavə edib ki,  Bilgəh və Nardaran istiqamətində yerləşən bəzi çimərliklərdə də suyun təmizliyi qənaətbəxşdir və bu ərazilərdə də çimmək tövsiyə oluna bilər./modern/

Seçilən
26
3
hafta.az

4Mənbələr