Yunanıstanın paytaxtı Afinada keçirilən U17 dünya çempionatında Azərbaycanın iki hakimi iştirak edib.
Moderator.az Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, I dərəcəyə sahib Natiq Hacıyev və Elman İsmayılov bir həftə davam edən mundialda ədaləti qoruyub.
Təcrübəli referilər qarşılaşmaların idarə olunmasında böyük məsuliyyət və dəqiqlik nümayiş etdirərək Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldublar.
Bu dünya çempionatı N.Hacıyevin son beynəlxalq yarışı kimi əlamətdar olub. UWW-nin qaydalarına uyğun olaraq, 60 yaşa çatan həmyerlimiz fitini və qolçaqlarını rəsmi şəkildə təhvil verərək, beynəlxalq hakimlik fəaliyyətilə vidalaşıb. Ali qurum yarışın son günündə bu münasibətlə referiyə xatirə hədiyyəsi təqdim edib.