AZ

Azərbaycandan Suriyaya qaz ixracı böyük tarixi hadisədir - RƏYLƏR

BAKI, 2 avqust. TELEQRAF

Bu gündən Türkiyənin Kilis şəhərindən Azərbaycan qazının Suriyaya ixracı başlayır. İstifadəyə verilən boru xətti ilə gündəlik 3,4 milyon kubmetr qaz ötürüləcək. Azərbaycan qazı vasitəsilə Hələbdəki istilik elektrik stansiyasında 1200 meqavat enerji istehsal ediləcək ki, bu da təxminən 5 milyon suriyalı ailənin həyat şəraitini yaxşılaşdıracaq.

Mövzu ilə bağlı deputat Azər Badamov Teleqraf-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti böyük coğrafiyalarda enerji təhlükəsizliyini təmin etməyə imkan verir.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin (CQD) tikintisinə başlayanda bəzi ölkələr bu layihəni perspektivsiz görürdü və iştirak etməkdən çəkinirdi:

“Amma dövlət başçımızın siyasi iradəsi ilə ərsəyə gəlmiş bu layihə böyük bir coğrafiya üçün çox əhəmiyyətli və alternativsiz layihəyə çevrildi. Belə ki, 2020-ci ilin dekabrında istismara verilən CQD Xəzər dənizində istehsal olunan qazı 13 ölkəyə, o cümlədən 10-u Avropa olmaqla, 8 Avropa İttifaqına daxil ölkələrə ixrac etməyimizə yol açdı. Dünyada baş verən proseslər qazımıza tələbatı daha da artırırdı və ölkə başçımızın siyasi iradəsi ilə ərsəyə gələn beynəlxalq layihələr böyük coğrafiyalar üçün çox əhəmiyyətli layihələrə çevrildi”.

Deputat bu gün Azərbaycan qazını Suriyaya ixrac etməklə ixrac coğrafiyamızı 14 ölkəyə çatdırdığımızı bildirib.

“SOCAR ilə Suriyanın keçid hökuməti arasında imzalanmış anlaşma Memoranduma əsasən Türkiyə- Suriya boru kəməri vasitəsilə gündəlik 6 milyon kubmetr olmaqla ildə 2 milyard kubmetr qazı ixrac etməyi planlaşdırılır. Bu da Suriyada uzun müddət davam edən vətəndaş müharibəsi və qruplaşmalar arasında baş verən mübarizədən sonra çökmüş enerji sektorunun dirçəlməsinə dəstəyimiz olacaqdır. Qazımız Homs və Hələbdəki istilik elektrik stansiyalarına verilməklə gündəlik 1200 meqavat elektrik enerjisi istehsal edilərək Suriyada elektrik enerjisinin verilməsini 3-4 saatdan 10-12 saata qaldıracaq. Azərbaycan qazı suriyalıların evlərini işıqlandıracaq. Anlaşma Memoranduma əsasən SOCAR həm də Suriyanın neft-kimya sektorunun bərpasında iştirak edəcək. Bu həm də Əsəd rejimi dövründə ermənipərəst siyasəti yürütdüyünə görə uzun illər tarixi minimuma enmiş Azərbaycan -Suriya münasibətlərinin inkişafında açılan yeni səhifənin başlanğıcıdır. Azərbaycan və Türkiyə Suriyanın yanındadır. Biz birlikdə ölkənin yenidən qurulması və bərpasına töhfələr veririk”, - deputat əlavə edib.

A. Badamov vurğulayıb ki, Azərbaycan qazının Suriyaya verilməsi həm də ixrac bazarlarımızın genişlənməsi deməkdir:

“Aparılmış hesablamalara görə, Xəzər dənizində 100 il ixrac etməyə qaz ehtiyatımız varr. Bu, ölkə iqtisadiyyatımızı möhkəmləndirməklə yanaşı, ixrac coğrafiyamızı genişləndirərək dostlarımızın sayının artmasına imkan verir”.

Politoloq İlyas Hüseynov isə deyib ki, Azərbaycan Vətən müharibəsindən sonra regional və qlobal siyasətdə aparıcı oyunçuya çevirilib.

Onun sözlərinə görə, Cənab Prezidentin rəhbərliyi altında atılan addımlar ölkəmizə geosiyasi üstünlüklər qazandırır.

"Azərbaycan Cənubi Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və Afrikada uğurlu fəaliyyəti nəticəsində siyasət arealını genişləndirir. Suriyada uzun sürən vətəndaş müharibəsindən sonra yeni gələn hökümətlə əlaqələrin formalaşması da bunları təsdiq edir".

O, qardaş Türkiyənin də Suriya və Yaxın Şərqdə mövqeyinin güclənməsinin Azərbaycan üçün fürsətlər yaratdığını deyib:

"Türkiyə vasitəsilə Suriyaya qaz ixracı böyük tarixi hadisədir və geosiyasi anlam daşıyır. Gələcəkdə Azərbaycan qazı Suriya, İordaniya ərazisinə daxil ola bilər və buradan da Misirə çıxış formalaşacaq. Buna görə bu layihənin perspektivi çox genişdir. Baxmayaraq ki, Suriyada gedən müharibə zamanı bu kəmər məhv edilib, amma Türkiyə-Suriya kəməri işlək vəziyyətdədir. Bu da Azərbaycan qazının ildə 2 milyard kub metr həcmində Suriyaya ixracını mümkün edir. Bu, Azərbaycan diplomatiyasının uğuru hesab edilə bilər və Cənab Prezidentin uğurlu, geniş diplomatiyasının nəticələri kimi qiymətləndirilməlidir".

Politoloq Suriyada davamlı təhlükəsizlik və sabitliyin formalaşacağına inandığını bildirib.

"Baxmayaraq ki, Bəşər Əsəd rejimindən sonra çox kövrək sistem qurulub və ölkədaxili separatizm, işğalçılıq və digər bu cür təhdidlər var. Qarşıdakı dövrdə Suriyada əmin-amanlıq, münbit investisiya iqlimi və region dövlətləri ilə faydalı iş birliyi formalaşacaq", - o əlavə edib.

Seçilən
17
1
teleqraf.com

3Mənbələr