Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib. Onun sözlərinə görə, dünyada baş verən proseslər qazımıza tələbatı daha da artırırdı və ölkə başçımızın siyasi iradəsi ilə ərsəyə gələn beynəlxalq layihələrimiz böyük coğrafiyalar üçün çox əhəmiyyətli layihələrə çevrildi:

“Bu gün qazımızı Suriyaya ixrac etməklə ixrac coğrafiyamızı 13 ölkəyə çatdırmış oluruq. SOCAR ilə Suriyanın keçid hökuməti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən Kilis-Türkiyə boru kəməri vasitəsilə gündəlik 6 milyon kubmetr olmaqla, ildə 1,2 milyard kubmetr qazı ixrac etməyi planlaşdırılır. Bu da Suriyada uzun müddət davam edən vətəndaş müharibəsi və qruplaşmalar arasında baş verən mübarizədən sonra çökmüş enerji sektorunun dirçəlməsinə dəstəyimiz olacaqdır. Qazımız Homs və Hələbdəki istilik elektrik stansiyalarına verilməklə gündəlik 1200 meqavat elektrik enerjisi istehsal edilərək Suriyada elektrik enerjisinin verilməsini 3-4 saatdan 10-12 saata qaldırılacaqdır”.
Deputat bildirib ki, Anlaşma Memorandumuna əsasən SOCAR həm də Suriyanın neft-kimya sektorunun bərpasında iştirak edəcək:
“Təbii ki, bu həm də Əsəd rejimi dövründə ermənipərəst siyasət yürüdüyünə görə uzun illər tarixin minimumuna enmiş Azərbaycan–Suriya münasibətlərinin inkişafında açılan yeni səhifənin başlanğıcıdır. Azərbaycan və Türkiyə Suriyanın yanındadır və biz birlikdə ölkənin yenidən qurulması və bərpasına töhfələr veririk.
Qazımızın Suriyaya verilməsi həm də ixrac bazarlarımızın genişlənməsi deməkdir. Aparılmış hesablamalara görə, Xəzər dənizində 100 il ixrac etməyə qaz ehtiyatımız vardır. Bu həm ölkə iqtisadiyyatımızı möhkəmləndirməklə yanaşı, ixrac coğrafiyamızı genişləndirərək dostlarımızın sayını artırmağımıza imkan verir”.
Cavidan Mirzəzadə
Demokrat.az