u gün Azərbaycandan Suriyaya təbii qaz təchizatının başlanması ölkələr arasında əməkdaşlıq tarixində mühüm və tarixi hadisədir.
Referans xəbər verir ki,"Report"un Kilisə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov
bununla bağlı keçirilən tədbirdə deyib.
"Bu əlamətdar addım Azərbaycan, Türkiyə, Qətər və Suriya dövlət rəhbərlərinin güclü siyasi iradəsinin, regionda davamlı sülhə sadiqliyinin və
iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş birgə səylərinin nəticəsidir. Azərbaycan və Suriya prezidentləri arasında bu ilin aprelin 11-də
Antalyada keçirilmiş görüşdə, eləcə də iyulun 12-də Azərbaycana dövlət səfəri çərçivəsində baş tutan danışıqlarda enerji sahəsində əməkdaşlığın
əhəmiyyəti xüsusi vurğulanmış, Azərbaycanın bu sahədə Suriyaya dəstəyinin vacibliyi qeyd olunub", - nazir qeyd edib.
Onun sözlərinə görə, Suriyanın enerji sahəsində üzləşdiyi ciddi çətinliklər fonunda Azərbaycan qazının bu ölkəyə ixracı enerji təhlükəsizliyinə
mühüm töhfə vermək məqsədi daşıyır:
"Məhz bu səbəbdən ali rəhbərlik tərəfindən layihənin qısa müddətdə icrası üçün müvafiq göstərişlər verilmiş və təxirəsalınmaz tədbirlər görüb.
Layihənin uğurla həyata keçirilməsində Türkiyənin dəstəyi həlledici rol oynayıb. Azərbaycan və Türkiyə arasında enerji də daxil olmaqla bütün
sahələrdə mövcud olan strateji əməkdaşlıq bu layihəyə də əhəmiyyətli töhfə vermişdir. İki qardaş ölkə olaraq Suriyanın bərpası və inkişafı
istiqamətində birgə səylərimizi davam etdiririk".
M. Cabbarov bildirib ki, Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə Suriyaya çatdırılması ölkəmizin enerji ixracı tarixində yeni mərhələ
olmaqla yanaşı, Cənubi Qafqaz ilə Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoyur.
"İlkin mərhələdə Suriyaya tədarük olunacaq qazın illik həcmi 1,2 milyard kubmetrə qədər nəzərdə tutulur. Bu təchizatın Suriyada iqtisadiyyatın
bərpası və əhalinin sosial rifahının yüksəldilməsində əhəmiyyətli rol oynayacağına inanırıq.
Bugünkü əhəmiyyətli hadisə Azərbaycan və Suriya arasında neft-qaz sektorunda əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Əminik ki, bu
tərəfdaşlıq qarşılıqlı iqtisadi inkişafı təşviq etməklə yanaşı, regional enerji təhlükəsizliyinin güclənməsinə, eləcə də birgə investisiya və strateji
infrastruktur layihələrinin reallaşdırılmasına möhkəm zəmin yaradacaq.