"Bu gün Azərbaycandan Suriyaya təbii qaz təchizatının başlanması ölkələr arasında əməkdaşlıq tarixində mühüm və tarixi hadisədir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan qazının Suriyaya nəqli ilə bağlı keçirilən tədbirdə deyib.
"Bu əlamətdar addım Azərbaycan, Türkiyə, Qətər və Suriya dövlət rəhbərlərinin güclü siyasi iradəsinin, regionda davamlı sülhə sadiqliyinin və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş birgə səylərinin nəticəsidir. Azərbaycan və Suriya prezidentləri arasında bu ilin aprelin 11-də Antalyada keçirilmiş görüşdə, eləcə də iyulun 12-də Azərbaycana dövlət səfəri çərçivəsində baş tutan danışıqlarda enerji sahəsində əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanmış, Azərbaycanın bu sahədə Suriyaya dəstəyinin vacibliyi qeyd olunub", - nazir qeyd edib.
Onun sözlərinə görə, Suriyanın enerji sahəsində üzləşdiyi ciddi çətinliklər fonunda Azərbaycan qazının bu ölkəyə ixracı enerji təhlükəsizliyinə mühüm töhfə vermək məqsədi daşıyır:
"Məhz bu səbəbdən ali rəhbərlik tərəfindən layihənin qısa müddətdə icrası üçün müvafiq göstərişlər verilib və təxirəsalınmaz tədbirlər görüb.
Layihənin uğurla həyata keçirilməsində Türkiyənin dəstəyi həlledici rol oynayıb. Azərbaycan və Türkiyə arasında enerji də daxil olmaqla bütün sahələrdə mövcud olan strateji əməkdaşlıq bu layihəyə də əhəmiyyətli töhfə verib. İki qardaş ölkə olaraq Suriyanın bərpası və inkişafı istiqamətində birgə səylərimizi davam etdiririk".
M.Cabbarov bildirib ki, Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçməklə Suriyaya çatdırılması ölkəmizin enerji ixracı tarixində yeni mərhələ olmaqla yanaşı, Cənubi Qafqaz ilə Yaxın Şərq arasında enerji körpüsünün əsasını qoyur:
"İlkin mərhələdə Suriyaya tədarük olunacaq qazın illik həcmi 1.2 milyard kubmetrə qədər nəzərdə tutulur. Bu təchizatın Suriyada iqtisadiyyatın bərpası və əhalinin sosial rifahının yüksəldilməsində əhəmiyyətli rol oynayacağına inanırıq.
Bugünkü əhəmiyyətli hadisə Azərbaycan və Suriya arasında neft-qaz sektorunda əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır. Əminik ki, bu tərəfdaşlıq qarşılıqlı iqtisadi inkişafı təşviq etməklə yanaşı, regional enerji təhlükəsizliyinin güclənməsinə, eləcə də birgə investisiya və strateji infrastruktur layihələrinin reallaşdırılmasına möhkəm zəmin yaradacaq".