AZ

ABŞ Rusiyaya hansı sanksiyaları tətbiq edəcək?

ABŞ prezidenti Donald Tramp avqustun 8-nə qədər Rusiyadan Ukrayna ilə atəşi dayandırmağı və sülh sazişi imzalamağı tələb edib. Əks halda, sanksiyaların tətbiq olunacağını bildirib. Bəs həmin sanksiyalar nələrdən ibarət olacaq? Siyasi ekspert Abutalıb Səmədov Metbuat.az-a açıqlamasında bildirib ki, söhbət Rusiyanın ticarət tərəfdaşı olan ölkələrə ABŞ ilə ticarətdə 100 faiz rüsum tətbiq etməkdən gedir. Onun sözlərinə görə, hədəfdə ilk növbədə Rusiyadan neft və qaz alan ölkələr – Çin, Hindistan, Türkiyə, Braziliya var. Belarus da Rusiyanın əsas ticarət tərəfdaşlarındandır: “Digər ölkələrə də bu cür rüsumun tətbiq olunacağı isə bəlli deyil. Məsələn, Ermənistan da Rusiyanın əsas ticarət tərəfdaşlarından biridir. Ona qarşı da bu cür 100 faizlik rüsum tətbiq olunacağı və digər məsələlər isə avqustun 8-də məlum olacaq. Trampın özü də əmin deyil ki, bu sanksiyalar arzuolunan nəticəni verəcək. Ancaq təbiidir ki, bu, Rusiyanın iqtisadi vəziyyətini bir az da ağırlaşdıracaq”. A.Səmədov qeyd edib ki, Rusiya Ukrayna cəbhəsində irəliləməkdə davam edir, bütün ağırlaşmalara, sanksiyalara baxmayaraq, yaxın vaxtlarda dayanmaq fikri yoxdur: “Əgər Tramp, doğrudan da, Rusiyanın sülh bağlamasını istəyirsə, bunun yolu yalnız sanksiyalardan keçmir, Ukraynaya ciddi hərbi yardım göstərilməlidir. Əvvəlki illərdə hər il 40 milyard dollar hərbi yardım göstərilib və Ukrayna yalnız 2022-ci ildə ciddi uğurlar qazana bilib. Deməli, yardım artırılmalıdır – 45-50 milyard dollar səviyyəsinə qaldırılmalıdır ki, Ukrayna cəbhədə uğur qazansın və Rusiya da məcbur olub sülhə getsin”. Ekspert əlavə edib ki, ABŞ bu yardımlardan tamamilə imtina edir, silahları Avropanın alıb Ukraynaya verməsini tələb edir: “Ancaq Avropanın da bu miqyasda pulu yoxdur. Bütün bunlar Trampın qeyri-səmimiliyini açıq şəkildə göstərir. Görüntü yaranır ki, guya Rusiyaya qarşı hansısa tədbirlər görülür, ancaq real nəticə verəcək addımlar atılmır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
70
50
metbuat.az

10Mənbələr