Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsinin başlamasına iki gün qalıb.
“Qafqazinfo” xəbər verir ki, düşərgə avqustun 3-dən 9-dək ölkəmizin suverenliyi və ərazi bütövlüyünün simvoluna çevrilən Xankəndi şəhərində keçiriləcək.
Diaspor Gənclərinin VI Yay Düşərgəsinə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri qatılacaq.
Düşərgənin açılış mərasimində rəsmi şəxslər, görkəmli ziyalılar, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.
Diaspor Gənclərinin VI Yay Düşərgəsinin proqramı olduqca zəngindir. Düşərgə iştirakçıları dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alacaq, rəsmi şəxslər və diplomatlarla, müxtəlif sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə görüşəcək, Qarabağla daha yaxından tanış olacaq, Ana dili dərslərində, əyləncəli proqramlarda, intellektual oyunlarda iştirak edəcəklər.
Prezident İlham Əliyev hər zaman dünya azərbaycanlılarını Vətənlə əlaqələrini kəsməməyə çağırıb. Müzəffər Ali Baş Komandan 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında bildirib ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə sıx bağlı olsunlar: “Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün”.
Diasporla İş üzrə Dövlət Komitəsi bütün fəaliyyətində, o cümlədən Diaspor Gənclərinin Yay Düşərgələrinin təşkilində dövlət başçısının həmin tövsiyələrini rəhbər tutur.
Diaspor Gənclərinin Yay Düşərgələri layihəsi həm ölkə daxilində, həm də diaspor arasında böyük marağa səbəb olub və nüfuz qazanıb. Yay düşərgələrinə ildən-ilə daha böyük maraq göstərilməsi bunun bariz nümunəsidir.
Qeyd edək ki, bu günə kimi Diaspor Gənclərinin Yay Düşərgələri Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il 60-dan çox ölkədən ümumilikdə 3000 mindən artıq müraciət daxil olub, müraciət edən gənclərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı olub.