AZ

Xankəndi şəhərində Diaspor Gənclərinin VI Yay Düşərgəsi başlayır

Bakı, 1 avqust, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsinin başlamasına iki gün qalıb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, düşərgə avqustun 3-dən 9-dək Xankəndi şəhərində keçiriləcək.

Tədbirə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri qatılacaq. Açılış mərasimində rəsmi şəxslər, görkəmli ziyalılar, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

Düşərgənin proqramı da olduqca zəngindir. İştirakçılar dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alacaq, rəsmi şəxslər və diplomatlarla, müxtəlif sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə görüşəcək, Qarabağla daha yaxından tanış olacaq, Ana dili dərslərinə, əyləncəli proqramlara və intellektual oyunlara qatılacaqlar.

Qeyd edək ki, Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi həm ölkə daxilində, həm də diaspor arasında böyük marağa səbəb olub və nüfuz qazanıb. Yay düşərgələrinə ildən-ilə daha böyük maraq göstərilməsi bunun bariz nümunəsidir.

Bu günə kimi Düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il 60-dan çox ölkədən ümumilikdə 3 mindən artıq müraciət edilib və müraciətçilərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı olub.

 

Seçilən
26
6
azertag.az

7Mənbələr