Rusiya Federasiyasının dövlət informasiya agentliyi olan TASS-ın son günlərdə Azərbaycana qarşı apardığı informasiya siyasəti ciddi narahatlıq
doğurub. Agentlik son olaraq Xankəndini “Stepanakert” adlandırıb və Azərbaycanı orada erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes
Ayvasyan) büstünü sökməkdə ittiham edib.
Azərbaycan Xarici İşlər Nazirliyi dərhal məsələyə reaksiya verərək sözügedən büstün rəsmi Bakının icazəsi olmadam rus sülhməramlıları tərəfindən
quraşdırıldığını açıqladı. XİN həmçinin Kremlə yaxın dairələrin “Azərbaycanda rus mədəniyyəti məhv edilir” iddialarına əsaslı şəkildə cavab
verərək anti-təbliğata nöqtə qoydu.
Maraqlıdır ki, bu məsələ məhz TASS-ın keçmiş direktor müavini Mixail Qusmanın agentliyin rəhbərliyindən uzaqlaşdırılmasından sonra baş verir.
Nəticədə təşkilatın ermənipərəst ritorikasının daha da gücləndiyi müşahidə olunur. Bu proses TASS-ın obyektiv informasiya mənbəyi kimi
nüfuzuna ciddi xələl gətirməklə yanaşı, Moskva-Bakı münasibətlərinə də mənfi təsir göstərə bilər.
Bəs bu dəyişikliklər nə ilə bağlıdır və Kremlin informasiya müharibəsinin hədəfi nədir?
Referans xəbər verir ki,Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiyanın isterikası hələ bir müddət davam edəcək:
“Son 7 ayda Rusiyanın Azərbaycana qarşı sərgilədiyi mövqe göstərir ki, bu ölkə etibarlı tərəfdaş deyil. Rusiya ilə imzalanmış müttəfiqlik fəaliyyətinə
dair bəyannamənin onlar üçün əslində heç bir əhəmiyyəti yoxdur. Kremlin davranışı aydın şəkildə maraqlarına uyğun gəldikdə istənilən addımı
atmağa hazır olduğunu bir daha sübut edir. Bu, isə gözlənilən idi. Hər zaman qeyd olunurdu ki, Rusiya Ukraynada məqsədlərinə çatdıqdan sonra
növbəti hədəfi Azərbaycan olacaq.
Qusmanın vəzifəsindən uzaqlaşdırılmasından sonra baş verən hadisələrin bununla əlaqəli olduğunu düşünmək isə düzgün deyil. Çünki o, vəzifədə
olsun və ya olmasın, hazırkı proses artıq Kremlin dövlət siyasətinə çevrilib. Rusiya kimi avtoritar idarəetmə sisteminə malik olan ölkədə media da
daxil olmaqla bütün ictimai-siyasi həyat total nəzarət altındadır. Belə bir rejimdə heç bir media qurumu dövlətin iradəsinə qarşı çıxacaq gücə
malik deyil”.
Oqtay Qasımov
Politoloqun sözlərinə görə, proseslərin bu istiqamətdə inkişafı yalnız iki ölkənin münasibətlərinə zərər vermir, eyni zamanda, Moskvanın özünə də
mənfi təsir göstərir:
“Rusiya beynəlxalq hüququ və mehriban qonşuluq prinsiplərini saymazlıqla pozmağa davam edir, bu, Kremlin maraqlarına da ziddir.
Azərbaycanda anti-Rusiya ovqatı sürətlə güclənir. Unutmayaq ki, imperiyanın əraziləri keçmiş türk dilli xalqların qanı və qanuni torpaqlarının zəbt
edilməsi hesabına genişlənib, müstəmləkə siyasəti nəticəsində formalaşıb. Milyonlarla insan Rusiya şovinizminin qurbanına çevrilib”.
Siyasi şərhçi Aydın Quliyev isə vurğulayıb ki, Rusiya Azərbaycanla münasibətlərdə açıq şəkildə düşmənçilik siyasətini dərinləşdirmək kursu
götürüb:
“Bəziləri düşünürdü ki, AZAL-a məxsus təyyarənin vurulmasından sonra Kreml vəziyyəti yumşaltmaq üçün müəyyən addımlar atacaq. Əksinə,
hadisələri daha da gərginləşdirməyə yönəlik həmlələr etdi. Rusiyada yaşayan azərbaycanlı iş adamlarına qarşı amansız təqiblər başlandı.
Soydaşlarımız “cinayətkarlıqla mübarizə” adı altında hüquq-mühafizə orqanları tərəfindən qətlə yetirildilər”.
Aydın Quliyev
Aydın Quliyev əlavə edib ki, III Şuşa Qlobal Media Forumunda Qusman və rusiyalı politoloq Sergey Markovun iştirakına düşmənçilik donu
geyindirilməsi və bu şəxslərin cəzalandırılması, Moskvanın Bakı ilə dostluq və müttəfiqlik çərçivəsindən nə qədər uzaqlaşdığını bir daha nümayiş
etdirdi:
“Azərbaycanın tarixi şəhəri Xankəndinin Rusiya tərəfindən hələ də “Stepanakert” adlandırılması da Kremlin ölkəmizə qarşı münasibətini açıq
şəkildə ortaya qoyur.
1991-ci ildən bu şəhərin müstəqil Azərbaycanın tərkib hissəsi kimi tanımasına baxmayaraq, Rusiya hələ də “Stepanakert” adından istifadə edir. Bu
isə Azərbaycanın suverenliyinə açıq hörmətsizlikdir. Kreml nəzərə almadır ki, Azərbaycan Prezidenti 2023-cü il oktyabrın 15-də bura bayraq
sancaraq Xankəndinin əzəldən Azərbaycan şəhəri olduğunu və daim elə qalacağını bəyan etmişdi. Bu bəyanata qarşı göstərilən laqeydlik, əslində,
Kremlin niyyətini üzə çıxarır”