BAKI, 1 avqust. TELEQRAF
2025-ci ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərcləri çərçivəsində daxili dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsinə 328,7 milyon manat vəsait sərf olunub.
Hesabat dövründə dövlət istiqrazları üzrə ümumilikdə 2 milyard 910,4 milyon manat məbləğində əsas borc ödənişləri həyata keçirilib. Bu ödənişlərin 1 milyard 515 milyon manatlıq hissəsi təkrar maliyyələşdirmə vasitəsilə təmin olunub. Təkrar maliyyələşdirmə çərçivəsində 1 milyard 430 milyon manat məbləğində dövlət istiqrazları vaxtından əvvəl geri alınaraq daha uzunmüddətli istiqrazlarla əvəz edilib. Qalan 85 milyon manat isə yeni uzunmüddətli dövlət istiqrazlarının emissiyası hesabına ödənilib.
Bununla yanaşı, 1 milyard 395,4 milyon manatlıq əsas borc ödənişləri isə birbaşa dövlət büdcəsinin vəsaiti hesabına investorların hesablarına qaytarılıb.