Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Avropa Konfrans Liqasının 2025/2026-cı illər mövsümündə növbəti matçını keçirib.
“Eqnatiya” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Minsk “Dinamo”suna (Belarus) qarşı mübarizə aparıb. Səfərdə baş tutmuş ilk matçda 2:0 hesabıyla üstün olmuş Albaniya komandası cavab görüşündə bir qolla kifayətlənib. Bu qarşılaşmada start heyətində yer almış Əliyev 86-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, albanlar növbəti mərhələdə “Olimpiya” (Lyublyana, Sloveniya) ilə münasibətlərə aydınlıq gətirəcəklər.
Zamiq Əliyev Albaniya klubuna 2024-cü ilin yayında “Araz-Naxçıvan”dan azad agent kimi keçib. Müdafiəçi “Eqnatiya” ilə 3 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 47 oyuna çıxıb, 1 qola imza atıb.
Zamiq Əliyev daha öncə “Qarabağ”da və “Kəpəz”də də oynayıb. Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında forma geyinmiş müdafiəçi 2024-cü ilin noyabr ayında əsas millimizdə də debüt edib və 2 oyun keçirib.