Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Cəlalın komandası bu gün Avropa Konfrans Liqasında mərhələ adlayıb.
“Arda” bu mərhələdə Finlandiyanın HJK komandasını mübarizədən kənarlaşdırıb. Bu komandalar arasında keçirilən hər iki oyun heç-heçə başa çatıb – 0:0, 2:2. Finlandiyada baş tutmuş və məhsuldar heç-heçə ilə başa çatmış cavab matçının yekununda qalib penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan Cəlalın komandası 4:3 hesabı ilə qalib gələrək, Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanıb.
Millimizin müdafiəçisi Finalndiyada keçirilmiş cavab matçının start heyətində yer alıb. Hüseynov 120 dəqiqə meydanda olub.
Xatırladaq ki, “Arda” növbəti mərhələdə “Kauno Jalgiris” (Litva) – “Valyur” (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 52 rəsmi oyuna çıxıb, 1 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.