AZ

"Ukraynada antikorrupsiya orqanlarına gücləndirilmiş səlahiyyətlər verildi" - Ukrayna mətbuatı

"Yeni qanun, xalqın iradəsi və Avropa İttifaqının dəstəyi..."

Ukrayna prezidenti Volodimir Zelenski ölkə parlamenti tərəfindən qəbul edilən və Milli Antikorrupsiya Bürosu (NABU) ilə Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğunun (SAP) səlahiyyətlərini gücləndirən yeni qanunu imzalayıb.

Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri məlumat yayıb.

Zelenskinin təşəbbüsü qanunla təsbit olundu

Məlumatda deyilir ki, bu qanun Cinayət-Prosessual Məcəlləyə və bəzi qanunverici aktlara mühüm dəyişikliklər gətirir. Zelenski imzadan dərhal sonra bəyan edib: "Bu qanun antikorrupsiya orqanlarının işinə kənar müdaxilələrin qarşısını alır və onların müstəqil fəaliyyətini təmin edir. Detektorla yoxlamalar da daxil olmaqla, şəffaflıq və təhlükəsizlik üçün əlavə təminatlar yaradır".

Yeni qaydalara əsasən, dövlət sirrinə çıxışı olan və ya Rusiyada qohumları olan hüquq-mühafizə əməkdaşları hər iki ildən bir yalan detektoru yoxlamasından keçməlidir. Qanunun daha bir vacib tərəfi ondan ibarətdir ki, Baş prokuror və onun müavinləri SAP prokurorlarına göstəriş verə bilməyəcək. Eyni zamanda, NABU-nun müstəntiqləri də yalnız öz rəhbərliklərinə tabe olacaqlar. Bu dəyişikliklərlə bu orqanların siyasi təsirdən qorunması hədəflənir.

Avropa İttifaqının müsbət reaksiyası

Yeni qanunun qəbulu Avropa İttifaqı tərəfindən də müsbət qarşılanıb. Avropa Komissiyasının bəyanatında bildirilir: "Ukrayna parlamentinin bugünkü qərarı ilə antikorrupsiya orqanlarının müstəqilliyini təmin edən əsas zəmanətlər bərpa olunub. Bu qanun əvvəlki dəyişikliklər nəticəsində yaranmış əsas problemləri aradan qaldırır. Lakin yekun mətnin detallı qiymətləndirilməsi hələ qarşıdadır". Avropa İttifaqının nümayəndələri əlavə edib ki, bu addım yalnız başlanğıcdır. Ukraynanın gələcəkdə Avropa İttifaqına tam üzvlüyü üçün korrupsiyaya qarşı davamlı mübarizə və qanunun aliliyinin təminatı əsas şərtlər olaraq qalır.

Əvvəlki böhran və ictimai narazılıq

Xatırladaq ki, bir həftə öncə parlamentdə qəbul edilən başqa bir qanunla Baş Prokurorluğa NABU və SAP üzərində nəzarət imkanları verilmişdi. Bu, antikorrupsiya sisteminin müstəqilliyini şübhə altına salaraq həm vətəndaş cəmiyyətində, həm də Avropa İttifaqı daxilində ciddi narahatlıqlara səbəb olmuşdu. Ukraynanın bir neçə şəhərində kütləvi etirazlar başlamış, Avropa Komissiyası isə sərt tənqidlə çıxış etmişdi. İndi isə 331 deputatın dəstəyi ilə qəbul edilən prezident qanunu bu səlahiyyətləri bərpa edir və Avropanın əsas tələblərinə cavab verir.

Demokratiyaya sadiqlik və ictimai rəylə hesablaşma

Prezident Zelenski qanunun qəbulunu Ukraynanın demokratiyaya sadiqliyinin və vətəndaş cəmiyyətinin səsini eşitməsinin göstəricisi kimi dəyərləndirib: "Dövlət xalqın səsinə qulaq asdı. Biz demokratiya ölkəsiyik. Bu qərar antikorrupsiya gündəminin əsas dayağıdır və bütün tərəfdaşlarımız bu barədə məlumatlandırılacaq". Yeni qanun Ukraynada korrupsiya ilə mübarizənin yalnız daxili məsələ deyil, eyni zamanda Avropa ailəsinə inteqrasiyanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir.

Seçilən
16
18
moderator.az

10Mənbələr