AZ

Saxta bank profilləri ilə 78 min ələ keçirən Türkiyə vətəndaşı tutulub

Azərbaycanda bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda uzun müddətdir ailəsi ilə yaşayan və daimi yaşayış hüququ alan Ertoğrul Akdemir ölkədə fəaliyyət göstərən bankların adından saxta profillər yaradaraq elanlar paylaşıb.

Məlumata görə, həmin profillərdə paylaşılan elanlarda göstərib ki, banklar xüsusi kampaniyalar keçirir. Həmçinin bahalı hədiyyələri də qazanc kimi qeyd edib.

Sosial şəbəkə istifadəçiləri kampaniyalara qoşulmaq üçün müəyyən linklərə daxil olaraq, şəxsi məlumatlarını, eləcə də kart hesablarının detallarını orada yazıblar.

Daha sonra Ertoğrul Akdemir və onunla əlbir olan şəxslər həmin bank kartlarına daxil olaraq, müxtəlif məbləğdə pullar oğurlayıblar.

E.Akdemir Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İş üzrə ümümi zərər 78 min manatdır.

Bu məbləğin bir qisminə təqsirləndirilən şəxs kriptovalyuta alıb. Qalan pulları isə tanışlarının nömrələrinə M10 vasitəsi ilə köçürərək, sonradan nağdlaşdırıb.

Onun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, dələduzluq cinayəti ilə bağlı ilk məlumatı “Report” yayıb.

Seçilən
125
41
qafqazinfo.az

10Mənbələr