Azərbaycanda bank kartlarından oğurluq etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı həbs edilib.
Azərbaycanda uzun müddətdir ailəsi ilə yaşayan və oturum hüququ alan Ertoğrul Akdemir ölkədə fəaliyyət göstərən bankların adından saxta profillər yaradaraq elanlar paylaşıb.
Məlumata görə, həmin profillərdə paylaşılan elanlarda göstərib ki, banklar xüsusi kampaniyalar keçirir. Həmçinin bahalı hədiyyələri də qazanc kimi göstərib.
Sosial şəbəkə istifadəçiləri kampaniyalara qoşulmaq üçün müəyyən linklərə daxil olaraq, şəxsi məlumatlarını, eləcə də kart hesablarının detallarını orada qeyd ediblər.
Ertoğrul Akdemir və onunla əlbir olan şəxslər həmin bank kartlarına daxil olaraq, müxtəlif məbləğdə pullar oğurlayıblar.
İş üzrə ümümi zərər 78 min manatdır.
Bu məbləğin bir qisminə təqsirləndirilən şəxs kriptovalyuta alıb. Qalan pulları isə tanışlarının nömrələrinə M10 vasitəsi ilə köçürərək, sonradan nağdlaşdırıb.
Ertoğrul Akdemir barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.