AZ

Azərbaycan dili və əlifbası milli kimiliyimizin təsdiqidir

Sovet ideologiyasının çoxmillətli respublikalar üzərində apardığı siyasət xüsusilə milli kimliyin əsas dayaqlarından biri olan dil məsələsində sərt assimilyasiya xarakteri daşıyırdı. 1970-ci illərin ortalarından başlayaraq SSRİ siyasi rəhbərliyinin təzyiqləri nəticəsində milli dillərin istifadəsinə ciddi məhdudiyyətlər qoyulurdu. Bu məhdudiyyətlər daha çox rəsmi idarəçilikdə, təhsil müəssisələrində, elm və mədəniyyət sahələrində ana dilinə yer verilməməsi ilə özünü göstərirdi. SSRİ Konstitusiyası formal olaraq vətəndaşların hüquqlarını tanısa da, əslində milli dillərin sıxışdırılması prosesinin hüquqi əsasına çevrildi. 1930-cu illərin repressiya dalğaları zamanı milli dil məsələsini gündəmə gətirən ziyalıların aqibəti - sürgünlər, fiziki təqiblər- cəmiyyət yaddaşında qorxulu xatirə kimi qaldı. Buna görə də milli respublikaların rəhbərləri belə ana dili məsələsini açıq qaldırmağa cəsarət etmirdilər. Hər bir təşəbbüs sərt mərkəzi reaksiya ilə qarşılanırdı. Belə şəraitdə milli dilin müdafiəsi nəinki çətin, hətta həyati risklə müşayiət olunurdu.

Məhz bütün bu süni maneələrə, repressiv atmosferə, ideoloji təzyiqlərə baxmayaraq, Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev milli ruhun əsas sütunlarından biri olan ana dilinə dönməz və qətiyyətli dəstək verirdi. Ulu Öndər milli özünüdərk və mənəvi dirçəliş yolunda ana dilinin rolunu hər zaman ön planda tuturdu. Onun sözləri ilə desək: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” O, yaxşı başa düşürdü ki, dilini itirən xalq milli kimliyini də itirir. Bu səbəbdən Heydər Əliyevin ana dili uğrunda mübarizəsi həm mənəvi dəyərlərin, həm də dövlətçilik şüurunun qorunması baxımından tarixi əhəmiyyətə malikdir.

Qeyd edək ki, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbuluna hazırlıq dövründə respublikamızın rəhbəri Heydər Əliyev Ali Sovetin sessiyasında 73-cü maddəyə dəyişiklik təklifi ilə çıxış etdi. Onun təşəbbüsü ilə maddənin redaksiyası belə təsdiq olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Bu, Sovet dönəmində milli dilin rəsmi status alması baxımından böyük siyasi uğur və tarixi dönüş nöqtəsi idi. Heydər Əliyevin bu təşəbbüsü Sovet ideoloji aparatının milli dilləri arxa plana keçirmək cəhdlərinə qarşı atılmış strateji addım oldu. Azərbaycan dili həm mədəniyyətin daşıyıcısı, həm də dövlət idarəçiliyinin rəsmi elementi kimi tanındı. Digər ittifaq respublikalarında analoji statusa malik belə təşəbbüslər əksər hallarda qarşısı alınırdı. Lakin Heydər Əliyevin siyasi iradəsi və xalqın dəstəyinə söykənən nüfuzu sayəsində bu məsələ Azərbaycanda reallığa çevrildi. Bu prinsipial mövqe illər sonra müstəqilliklə daha geniş imkanlar qazandı və ana dilinin inkişafında yeni mərhələnin başlanğıcını qoydu.

1991-ci ildə dövlət müstəqilliyimizin bərpası Azərbaycan xalqına siyasi və iqtisadi azadlıq qazandırmaqla yanaşı, milli kimliyin əsas dayaqları — mədəniyyət, tarix və ana dilinin bərpası üçün geniş imkanlar yaratdı. 1990-cı illərin ortalarından qəbul edilən konstitusion və hüquqi aktlar Azərbaycan dilinin həm milli dəyər, həm də hüquqi institut kimi möhkəmlənməsində mühüm rol oynadı. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası bu istiqamətdə mühüm mərhələ oldu. Konstitusiyanın 21-ci maddəsində “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir” ifadəsi rəsmi şəkildə təsbit edildi. Bu, dilimizin hüquqi legitimliyinin və müstəqilliyinin simvolu oldu.

Ancaq ana dilinin dövlət statusu yalnız formal mətnlə kifayətlənmədi, onun real tətbiqi və qorunması üçün praktiki addımlar atıldı. 2001-ci il 18 iyunda Ulu Öndər Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman bu sahədə strateji proqram kimi qiymətləndirildi. Fərman əsasında Prezident yanında Dövlət Dil Komissiyası yaradıldı, dövlət dili sahəsində normativlərin hazırlanması, istifadənin təşviqi, monitorinq və nəzarət mexanizmləri formalaşdırıldı. Beləcə, dövlət dilinin tətbiqi hüquqi sənədlərdən institusional fəaliyyətə keçdi. 2001-ci il 9 avqust tarixində imzalanmış “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman isə dilə verilən dəyərin simvolik təcəssümü oldu. Həmin gündən avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd edilir.

Bu gün müstəqil Azərbaycan dövlətinin ana dilinə qayğısı yalnız keçmişin mirası deyil, həm də strateji dövlətçilik kursunun ayrılmaz hissəsidir. Ulu Öndər Heydər Əliyevin dil siyasətinin məntiqi davamı kimi Prezident İlham Əliyev həm dilimizin qorunması, həm də qloballaşan dünyada inkişaf etdirilməsi istiqamətində ardıcıl və kompleks tədbirlər həyata keçirir. 12 yanvar 2004-cü il  tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam bu istiqamətdə əhəmiyyətli addım oldu. Latın qrafikasına keçid 1990-cı illərin ortalarında hüquqi əsas qazanmışdı, lakin genişmiqyaslı nəşr siyasətinə ehtiyac var idi. Prezidentin Sərəncamı ilə 2004–2008-ci illərdə latın qrafikasında fundamental əsərlərin sistemli nəşri təmin edildi ki, bu da dilin müasir qrafikaya uyğun elmi və bədii səviyyədə inkişafına təkan verdi. Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncamı dilimizin akademik və ümummilli ideoloji resurs kimi inkişafını təmin etdi. Daha sonra, 2007-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşri layihəsi dilimizin ifadə imkanlarını genişləndirdi. 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” isə dilin struktur və semantik zəifləməsinin qarşısını almağa yönəlmiş kompleks tədbirlər planı idi. Burada dilçilik elminin inkişafı, orfoqrafiya siyasətinin yenilənməsi, təhsil və informasiya sahəsində normativ yanaşmalar əsas hədəf oldu. Dövlət başçısının 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı informasiya texnologiyaları dövründə dilimizin mövqeyinin qorunması baxımından strateji əhəmiyyət kəsb edir. Bu mühüm dövlət sənədi ilə dilimizin rəqəmsal platformalarda, süni intellekt və tərcümə sistemlərində tətbiqinə zəmin yaradıldı. Ölkəmizin başçısının  bu istiqamətdə daha bir addımı 2018-ci il 1 noyabr tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı dilimizin dövlətin mərkəzi diqqətində saxlanıldığını təsdiqləyir. Tədbirlər arasında normativ bazanın təkmilləşdirilməsi, KİV və sosial mediada dilin düzgün istifadəsinə nəzarətin gücləndirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi yer alır. Bu fərmanla Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı və dil pozuntularının sistemli təhlili həyata keçirildi. Bir sözlə, Prezident İlham Əliyevin dil siyasəti yalnız dilimizin qorunmasına deyil, həm də onun  inkişafı və beynəlxalq səviyyədə tanınmasına kömək edir.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri

Seçilən
24
48
ikisahil.az

10Mənbələr