AZ

"Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" adlı fotomüsabiqə yekunlaşıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Azərbaycan Fotoqrafları Birliyi (AFB) ilə keçirdiyi "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" adlı beynəlxalq fotomüsabiqəyə yekun vurulub. Bu ilin aprelində elan edilən, 44 günlük Vətən müharibəsində və ondan sonrakı antiterror əməliyyatında rəşadətli Ordumuzun qazandığı Zəfərin nəticələrinə həsr olunan müsabiqəyə həvəskar və peşəkar fotoqraflar tərəfindən 400-dən çox fotoşəkil təqdim edilib.

Dövlət Komitəsindən Herbiand.az-a bildirilib ki, müsabiqənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, sosial-iqtisadi inkişafı, “Böyük Qayıdış”ın ilkin mərhələsinin gedişini, bölgənin mədəni, tarixi və təbii irsinin yenidən dirçəldilməsini vizual formada nümayiş etdirməkdən ibarət olub.

Müsabiqənin nəticələrinin açıqlandığı tədbirdə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin rəsmiləri, deputatlar, mədəniyyət və incəsənət xadimləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər.

Onlar əvvəlcə AFB-nin münsiflər heyətinin müsabiqənin yekun mərhələsi üçün seçdiyi 44 fotoşəkildən ibarət sərgiyə baxıblar.

Sonra “Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün aparılan məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri tədbirləri çərçivəsində fotoqrafların Qarabağa və Şərqi Zəngəzura infoturundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev diqqətə çatdırıb ki, sərgidəki fotoşəkillər həm tarixi yaddaş, həm də gələcək nəsillər üçün vizual sənəd rolunu oynayır. Prezident İlham Əliyevin tapşırıqlarının və “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirildiyini bildirən komitə sədri peşəkar və həvəskar fotoqrafların Qarabağ ilə Şərqi Zəngəzur bölgələrində aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı haqqında pozitiv mesajların yayılmasında fəal iştirakının təqdirəlayiq olduğunu deyib.

Milli Məclisin sədr müavini Rafael Hüseynov və deputat Ceyhun Məmmədov torpaqlarımızın işğaldan azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası i ilə nəticələnən möhtəşəm Zəfərin qazanılmasını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız və müstəqil dövlətçiliyimiz qarşısında müstəsna xidməti kimi dəyərləndiriblər. Deputatlar fotomüsabiqənin təşkilini alqışlayaraq, Qarabağda və Şərqi Zəngəzurda sürətli yenidənqurma və bərpa işlərinin, “Böyük Qayıdış”ın ilk addımlarının fotoyaddaşa köçürülməsinin tarixin ən gözəl səhifələrində yer alacağını vurğulayıblar.

Daha sonra Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, AFB-nin sədri Amira Süleymanova, AFB-nin üzvü Mirnaib Həsənov, Xalq artistləri Nurəddin Mehdixanlı və Əli Nur çıxış edərək “Böyük Qayıdış” prosesinin sürətlə davam etdirildiyi bir zamanda bu cür müsabiqələrin tez-tez keçirilməsini və ölkə başçısının tapşırığına uyğun olaraq görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin belə maraqlı üsullarla ictimaiyyətə təqdim edilməsini yüksək qiymətləndirərək, sərgilənən fotoşəkillər haqqında təəssüratlarını bölüşüblər.

Münsiflər heyəti müsabiqəyə qatılan 40-dan çox iştirakçının elan olunmuş mövzulara və texniki parametrlərə uyğun gələn 44 fotosunu seçib. İştirakçılardan 3 nəfər qalibə diplom və pul mükafatları, 20 nəfərə həvəsləndirici mükafatlar, digər iştirakçılara isə təşəkkürnamələr təqdim edilib. Müsabiqədə I yerə İlham Mustafayev, II yerə Rəsul Rəhimov, III yerə isə Alp Ər-Tunqa Cabbarlı layiq görülüblər.

Sonda xatirə fotosu çəkdirilib.



Seçilən
24
13
herbiand.az

10Mənbələr