Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, spiker Sahibə Qafarova beynəlxalq tədbirlər çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi və prezidenti ilə müxtəlif görüşlərini məmnunluqla xatırladaraq, Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluğunu ifadə edib. Bildirilib ki, Parlamentlərarası İttifaq beynəlxalq əməkdaşlıq baxımından səmərəli platformadır.
Söhbət zamanı Azərbaycanın təşkilatda yüksək səviyyədə və fəal şəkildə təmsil olunması müsbət qiymətləndirilib. Milli Məclisin deputatlarının təşkilatın rəhbər orqanlarında təmsil olunmasından məmnunluq ifadə edilib.
Görüşdə ötən il Azərbaycanın evsahibliyi ilə keçirilən COP29 çərçivəsində Parlamentləarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə baş tutan parlament konfransının yüksək səviyyədə təşkil olunduğu bir daha qeyd olunaraq, vurğulanıb ki, tərəflərin birgə əməkdaşlığı ilə bir sıra tədbirlərin uğurla reallaşdırılması əməkdaşlığımızın daha da dərinləşməsinə imkanlar yaradır.