AZ

Səhiyyə Nazirliyinin nümayəndəsi: Hepatit C tam müalicə oluna bilir  

Qaraciyər orqanizmin “laboratoriyası” hesab olunur. O, qanın təmizlənməsindən tutmuş maddələr mübadiləsinə, immun müdafiədən hormonların tənzimlənməsinə qədər yüzlərlə funksiyanı icra edir. Lakin bu mühüm orqanı zədələyən və çox vaxt uzun müddət gizli şəkildə davam edən xəstəliklərdən biri hepatitdir. Hepatit qaraciyərin iltihabı deməkdir və adətən yaranmasına viruslar səbəb olur. Bu xəstəlik həm qəfil başlayan kəskin, həm də illərlə davam edən xroniki formada özünü göstərə bilər. Hepatit əlamətlərinin yüngül olması səbəbindən çox zaman digər xəstəliklərlə qarışdırılır. Ən çox rast gəlinən simptomlar isə yorğunluq, iştahasızlıq, ürəkbulanma, qarnın sağ yuxarı hissəsində ağırlıq və dərinin saralmasıdır. Xroniki hepatitlərdə isə bu əlamətlər bəzən heç nəzərə çarpmır və xəstə uzun müddət virus daşıyıcısı olduğunu bilmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov deyib.

O qeyd edib ki, hepatitin kəskin və xroniki formaları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Kəskin hepatit, adətən, yoluxmadan sonrakı ilk altı ayda inkişaf edir və bəzi hallarda tam sağalma ilə nəticələnir. Xəstəliyin kəskin formasında gözdə sarılıq, halsızlıq, qaraciyər fermentlərinin on qat və üzəri yüksəlməsi olur. Xroniki hepatit isə altı aydan çox davam edən iltihabdır və qaraciyərdə daimi dəyişikliklər yaradır. Əksər hallarda kəskin hepatit B-dən sağalsa da, uşaqlar yoluxduğu zaman onların əksəriyyəti xroniki daşıyıcı olur. Hepatit B daşıyıcılığı məhz xroniki gedişi nəzərdə tutur, immun sistem və virus aralarında balans yaradır, qaraciyər sabit işini təmin edir. Minimal zədələnmə uzun zaman davam edərsə, qaraciyər ehtiyatları tükənir və ölmüş hüceyrələr fibrioz toxuma ilə əvəzlənir. Buna fibroz, sonrakı mərhələ isə sirroz deyilir.

“Xüsusilə hepatit B və C xroniki gediş zamanı çox təhlükəlidir. Elmi tədqiqatlara görə, dünyada sirroz və qaraciyər xərçəngi hallarının yarıdan çoxunun səbəbi məhz bu iki virusdur. Virus qaraciyər hüceyrələrinə daxil olduqdan sonra immun sistem onları məhv etməyə çalışır. Əslində, qaraciyərə əsas zərəri virus deyil, yoluxmuş hüceyrələri hədəf alan orqanizmin öz müdafiə sistemi vurur. Nəticədə, çapıq toxuması yaranır, qaraciyərin normal strukturu pozulur və zamanla sirroz inkişaf edir. Unutmamalıyıq ki, hepatit C xəstəliyində daşıyıcılıq olmaz. Bu virus varsa, demək xronik iltihab və sonluq isə məlumdur - sirroz. Buna görə, hepatit C aşkarlanan istənilən şəxs müalicə almalıdır. Son müasir dərmanlarla hepatit C virusu üç ay ərzində tam sağala bilir. Hepatit B-nin isə əgər D virusu yanaşı getmirsə, rahatlıqla fəaliyyətini bloklamaq mümkündür. Hepatit Delta, yəni D virusu isə hələ də təbabət qarşısında duran əsas ciddi problem olmaqda davam edir”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, hepatit viruslarına yoluxmamaq üçün profilaktika olduqca vacibdir. Əllərin tez-tez yuyulması, çiy və ya çirkli qidalardan uzaq durmaq, yalnız steril tibbi və kosmetoloji alətlərdən istifadə etmək mühüm qaydalardır. Dırnaqtutan, daraq, diş fırçası, qayçı kimi gigiyenik alətlər ayrı saxlanılmalı və individual olmalıdır. Hepatit B-yə qarşı vaksinasiya yoluxmadan qorunmağın ən etibarlı üsuludur. Təəssüf ki, hepatit C üçün hələ vaksin yoxdur. Buna görə də riskli davranışlardan uzaq durmaq lazımdır. “Müalicə ilə yanaşı, hepatit xəstələrinin qidalanması da diqqətdə saxlanmalıdır. Qaraciyərin yükünü azaltmaq üçün qızardılmış və yağlı yeməklərdən imtina etmək, spirtli içkilərdən uzaq durmaq şərtdir. Balıq, toyuq, yumurta və paxlalılar kimi yüksəkkeyfiyyətli zülallar qaraciyərin bərpasına kömək edir. Tam taxıllar, tərəvəzlər və meyvələr enerji və vitamin mənbəyi kimi faydalıdır. Həkim məsləhəti ilə vitamin D və antioksidant dəstəyi də əlavə edilə bilər. Ən vacib məqam: qurudulmuş otlardan və ot bitkilərinin çaylarından uzaq durmaq lazımdır. Çünki hepatit olan qaraciyər zədəli hesab edilir və bu bitki çayları qaraciyərə əlavə toksin yükü deməkdir. Hepatitlərdən qorunmaq vaxtında müayinə və vaksinlə mümkündür”, - deyə mütəxəssis əlavə edib.

Seçilən
4
6
azerbaijan-news.az

7Mənbələr