ABŞ investisiyalar müqabilində digər ölkələrə tarifləri azaltmağa hazırdır.
“Report” xəbər verir ki, bunu jurnalistlərə ABŞ prezidenti Donald Tramp bildirib.
Amerika tərəfi belə sövdələşmələrin mümkünlüyünü nəzərdən keçirirmi sualına cavabında Tramp deyib: “Bəli, təbii ki, icazə verərdim ki, digər ölkələr daha aşağı tariflər üçün ödəniş etsinlər”.
Tramp nümunə kimi Vaşinqton və Tokio arasında iyulun 22-də elan etdiyi müqavilələri göstərib. Onların şərtlərinə görə, Yaponiya ABŞ-yə 550 milyard dollar sərmayə qoyacaq və Amerikanın onun məhsullarına idxal rüsumları 15% olacaq.
“Yaponiya nə etdi, onlar özlərinə tarif endirimi aldılar. Bizə 550 milyard dollar verdilər, bu da rüsumları bir qədər aşağı saldı. Bu, kredit və ya buna bənzər bir şey deyil. Mən bunu ticarət müqaviləsinin imzalanması mükafatı adlandırıram. Yuxarıda qeyd olunan investisiyalar olmasaydı, Yaponiya idxalına tariflər 28% olardı”.
Qeyd edək ki, 2024-cü ilin sonuna ABŞ və Yaponiya arasında ticarət dövriyyəsi təxminən 227,9 milyard dollar təşkil edib. ABŞ-dan Yaponiyaya daşınmalar 79,7 milyard dollar, Yaponiyadan ABŞ-a isə 148,2 milyard dollar dəyərində qiymətləndirilir.