Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Cənubi Qafqaz regionunun gələcək inkişaf strategiyası, nəqliyyat dəhlizlərinin rolu və regional əməkdaşlığın perspektivləri baxımından böyük əhəmiyyət daşıyır.
Bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, dövlət başçısının vurğuladığı məqamlar Azərbaycanın strateji prioritetlərini və regiondakı mövcud çətinlikləri əks etdirir:
“Prezidentin xüsusi diqqət çəkdiyi Zəngəzur dəhlizi isə təkcə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yol deyil, həm də beynəlxalq tranzit dəhlizi kimi əhəmiyyətlidir. Çünki ilkin mərhələdə 15 milyon ton yük daşınması potensialı ilə qiymətləndirilən bu dəhliz Şimal-Cənub nəqliyyat marşrutunda yeni imkanlar yaradacaq. Azərbaycanın nəqliyyat infrastrukturuna milyardlarla dollar sərmayə qoyması və Xəzər dənizində 25 milyon ton tutumlu beynəlxalq ticarət limanının genişləndirilməsi ölkənin regional nəqliyyat mərkəzi olmaq istəyini göstərir”.
Müsahib qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin artıq fəaliyyətə başlaması da bu strategiyanın reallaşdırılmasında mühüm addımdır:
“Prezidentin qeyd etdiyi kimi, sovet dövründə Zəngəzur bölgəsindən keçən dəmir yolu Azərbaycan dəmir yolu şəbəkəsinin tərkib hissəsi olub və Ermənistanın əsas dəmir yolu şəbəkəsi ilə əlaqəsi yox idi. Bu, regionun nəqliyyat tarixi baxımından vacib bir faktdır. Son beş ildə Ermənistan tərəfində bu məsələ ilə bağlı iş aparılmaması və məsələnin "qəsdən gündəmdən çıxarılması" Ermənistanın tranzit ölkə olmaq şansını sıfra yaxınlaşdırır. Bu vəziyyət təkcə iqtisadi deyil, həm də siyasi təcrid risklərini artırır”.
N.Həmzəyevin sözlərinə görə, Ermənistanın mövqeyinin dəyişkən olması inamı sarsıdır:
“Ermənistan bilməlidir ki, Zəngəzur dəhlizinin reallaşması təkcə ikitərəfli münasibətlərin normallaşması deyil, həm də böyük geosiyasi oyunun bir hissəsidir və regionun gələcək inkişafında həlledici rol oynaya bilər”.