AZ

“Səsləndirilən fikirlər qlobal əhəmiyyət daşıyır” - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunda iştirak edərək mühüm çıxışla yadda qalmışdır. Onun çıxışında səsləndirilən fikirlər, həm forma, həm məzmun, həm də mahiyyət baxımından qlobal əhəmiyyət daşıyır. Dövlət başçısının irəli sürdüyü tezislər təkcə Azərbaycanla deyil, eyni zamanda qlobal gündəliyin aktual məsələləri ilə də bilavasitə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Elman Nəsirov sözlərinə belə davam edib: “Prezident xüsusilə vurğulamışdır ki, Azərbaycanın COP29 tədbirinə ev sahibliyi etməsi ölkənin qlobal problemlərin həllindəki rolunu və məsuliyyətini göstərir. Bu tədbir vasitəsilə Azərbaycan, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dialoqun qurulmasına töhfə vermiş və iqlim dəyişikliyi kimi ümumbəşəri məsələlərin həllinə yönəlmiş təşəbbüslərlə çıxış etmişdir.

Forumda diqqətə çatdırılmış əsas məqamlardan biri də odur ki, COP29 çərçivəsində 197 ölkədən 77 min iştirakçı, o cümlədən 70 dövlət və hökumət başçısı tədbirdə iştirak etmişdir. Əldə olunan mühüm razılaşmalardan biri, karbon bazarları ilə bağlı Paris Sazişinin 6-cı bəndinin təsdiqlənməsi olmuşdur. Bu bənd üzrə uzun illər ərzində razılıq əldə olunmasa da, Azərbaycan bu istiqamətdə tarixi bir irəliləyişə nail olmuşdur.

Prezident həmçinin bildirmişdir ki, iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə öhdəlikləri artırılaraq illik 100 milyard dollardan 300 milyard dollara qaldırılmışdır. Bu, iqlim maliyyələşməsi sahəsində ciddi irəliləyişin göstəricisidir. Azərbaycan COP29 çərçivəsində üzərinə götürdüyü öhdəlikləri vaxtında və uğurla yerinə yetirməklə nümunəvi bir model sərgiləmişdir.

Dövlət başçısı həmçinin qeyd etmişdir ki, ölkəmizdə yaşıl enerji strategiyası uğurla icra olunur. 2030-cu ilə qədər 6 QVt-dan artıq yaşıl enerji istehsalı üzrə sənədlər imzalanmış, bu istiqamətdə günəş, külək və su elektrik stansiyalarının istismarı genişlənmişdir. Artıq Qarabağ və Şərqi Zəngəzurda 30-a yaxın su elektrik stansiyası istifadəyə verilmiş və bu stansiyaların ümumi gücü 280 MVt təşkil edir.

Eyni zamanda, Prezident qeyd etmişdir ki, karbohidrogen enerjisi hələ də qlobal iqtisadiyyatda əhəmiyyətini saxlayır. 2024-cü ildə Azərbaycanın ümumi qaz hasilatı 50,3 milyard kubmetr təşkil etmiş, bunun 25,2 milyard kubmetri ixrac olunmuşdur. Hazırda Azərbaycan qazı 12 ölkəyə, o cümlədən 10 Avropa ölkəsinə ixrac olunur.

Zəngəzur dəhlizi məsələsinə də toxunan Prezident, bu dəhliz vasitəsilə yükdaşıma həcminin 15 milyon tona çatdırılmasının hədəfləndiyini vurğulamışdır. Beynəlxalq nəqliyyat dəhlizləri və Orta Dəhliz kontekstində Azərbaycanın tranzit potensialı genişlənməkdədir.

Çin ilə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğu, iki ölkə arasında imzalanmış sənədlərin bu münasibətləri daha da gücləndirdiyi diqqətə çatdırılmışdır. Eyni zamanda ABŞ-la münasibətlərin tarixçəsi də dəyərləndirilmiş, xüsusilə keçmiş Prezident Donald Tramp dövründə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi qeyd olunmuşdur. Ailə dəyərləri, mühafizəkar yanaşmalar və birgə təhlükəsizlik maraqları kimi ortaq platformaların bu münasibətlərin əsasını təşkil etdiyi vurğulanmışdır.

Sonda Prezident qeyd etmişdir ki, Şuşada belə bir beynəlxalq forumun keçirilməsi rəmzi məna daşıyır. Bu, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sabitlik və inkişaf proseslərinin davamlılığını göstərən mühüm göstəricidir”.

Ayşən Vəli

phrase_var_article.chosen
17
50
sia.az

10phrase_var_article.sources