Nəşrin yazdığına görə, BMT artıq ciddi büdcə çatışmazlığı ilə üz-üzədir. 2026-cı ildə maliyyə problemləri səbəbindən təşkilatın katibliyində çalışan işçilərin sayının 20% azaldılması planlaşdırılır.
Senatdakı dinləmələr zamanı Mayk Uolts ABŞ-nin sülhməramlı əməliyyatlara, terrorizmlə mübarizəyə və humanitar yardımın göstərilməsinə maliyyə dəstəyini davam etdirəcəyini bildirib. Lakin o əlavə edib ki, bütün xərclər ciddi şəkildə nəzarət altında olacaq.
Foreign Policy hesab edir ki, ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi administrasiya BMT-yə maliyyə ayırmalarını tam dayandırmaq niyyətində deyil. Lakin Vaşinqton öz maraqlarına uyğun hesab edilməyən, ideoloji motivasiyalı və ya qeyri-effektiv sahələrə maliyyəni azalda bilər. Bu isə ABŞ-nin İkinci Dünya müharibəsindən sonra qurulmasına töhfə verdiyi beynəlxalq infrastrukturu risk altına ata bilər.
Qeyd edək ki, The Washington Post qəzetinin daha əvvəl yaydığı məlumata görə, Ağ Ev ABŞ Dövlət Departamentinin büdcəsini iki dəfə azaltmaq, beynəlxalq təşkilatlara ayrılan vəsaiti isə təxminən 90% azaltmaq niyyətindədir. Bu çərçivədə, BMT, NATO və digər 20 beynəlxalq quruma maliyyə dəstəyinin dayandırılması planlaşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31