AZ

Böyük Britaniya insan alveri ilə məşğul olan dəstələrə qarşı sanksiyalar tətbiq edir

London, 22 iyul, AZƏRTAC

Böyük Britaniya hökuməti La-Manş boğazından qanunsuz keçidlər təşkil edən insan alveri şəbəkələrinə qarşı yeni sanksiyalar tətbiq edir. Bu həftənin çərşənbə günü sanksiyalar tətbiq olunacaq onlarla şəxsin və şirkətin adının açıqlanacağı bildirilib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, sanksiyalar qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə Baş nazir Kir Starmerin əsas planının tərkib hissəsidir və bu tədbirlə qanunsuz keçidləri təşkil edən dəstələrin məhv edilməsi hədəflənir. Hökumətin məlumatına görə, bu maliyyə sanksiyaları dünyada ilk dəfə tətbiq olunur və Böyük Britaniyaya qeyri-qanuni yolla gələnlərin qarşısını almağa yönəlib. Sanksiya tətbiq olunacaq şəxslərin aktivləri dondurulacaq, Böyük Britaniyaya girişlərinə və ölkənin maliyyə sisteminə çıxışlarına qadağa qoyulacaq.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib ki, cinayətkar şəbəkələr uzun müddətdir insanları istismar edir və onların ümidləri üzərindən qazanc əldə edirlər. Sanksiyaya məruz qalacaq şəxslər arasında saxta sənədlər hazırlayanlar, kiçik qayıqlar üçün maliyyə ayıranlar, həmçinin qeyri-rəsmi pulköçürmə sistemi olan “Havala” şəbəkələri vasitəsilə vəsait ötürən şəxslər də var.

Qeyd edək ki, Kir Starmer insan alveri ilə məşğul olan dəstələri “məhv etmək” vədini verib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
50
19
azertag.az

7Mənbələr