Bakı, 21 iyul, Göyçək Mahmudlu, AZƏRTAC
"Kiber Yay Məktəbi" ölkəmizdə kibertəhlükəsizlik sahəsində kadr hazırlığı istiqamətində ən mühüm unikal layihələrdən biridir. Gənclər arasında bu yay məktəbində gözəl kommunikasiya yaranır. Azərbaycanın gələcəyi, kibertəhlükəsizlik sahəsində mütəxəssislər olaraq kommunikasiya sayəsində bir-birinizi tanımaqla gözəl birlik yaradırsınız. Yay məktəbinin əsas nailiyyətlərindən biri budur. İkinci nailiyyət odur ki, mütəxəssislər tərəfindən gələcək hədəflərinizi müəyyənləşdirirsiniz. Bu, vacib şərtlərdən biridir. Digər yandan siz həmin ixtisası gələcəkdə seçmək haqqında tərəddüdlərə nöqtə qoyursunuz. Anlayırsınız ki, dünyanın bu günü və gələcəyi məhz rəqəmsal texnologiyalardan ibarətdir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Rektorun sözlərinə görə, son beş ildə ölkəmizdə olan ixtisaslar arasında ortalama balına görə, ilin ixtisası məhz informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik seçilib: "Hazırda ən yüksək balı toplayan tələbələr məhz kibertəhlükəsizliyi, informasiya təhlükəsizliyini seçir. Ən elitar, ən savadlı kontingentimiz məhz həmin ixtisaslara yönəlir. Hər an həmin ixtisasa olan ehtiyac artır. Odur ki, sizi böyük gələcək gözləyir. Siz ölkənin intellektual əsgərlərisiniz. Harada təhsil alırsınızsa alın, Azərbaycana xidmət etməlisiniz. Bu sizin mənəvi borcunuzdur".