Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı prezident İlham Əliyevin Ukrayna və AZAL təyyarəsi ilə bağlı səsləndirdiyi fikirlər Rusiyada geniş müzakirə predmetidir.
Burada ölkəmizə qarşı indi müxtəlif fikirlər səslənir. Bu barədə danışmazdan öncə qeyd edək ki, Ukraynadan “Gordon” media qurumunun təsisçisi jurnalist Dmitro Qordonun Ukrayna dövlətinin varlığı uğrunda çox ağır müharibə şəraiti, qalib xalqın lideri kimi İlham Əliyevin Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə biləcəyi ilə bağlı suala Azərbaycan prezidenti belə cavab verib: “Bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olmuşdu. İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük”. Dövlət başçısı AZAL təyyarəsi ilə bağlı qeyd edib: “Təəssüflər olsun ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçibdir. Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir... Bizim pilotlar cəsarət və peşəkarlıq göstərərək təyyarəni qəza enişinə yönləndirdilər və tam heyət, bütün sərnişinlər həlak olmadı. Biz dərhal oraya - Aktauya heyət göndərdik. Onlar çəkiliş aparırdılar və gördülər ki, təyyarənin füzulyajı dəlmə-deşik edilmişdir və hətta təyyarədə olanların iki nəfəri də qəlpə yarası almışdır. Guya, Ukrayna dronu bizim təyyarəmizlə toqquşmuşdur. Bu gülünc bir iddia, təklif, versiya idi. Təyyarəmizə qarşı iki dəfə hücum olub. Təsəvvür edin ki, Ukrayna dronu gəlir, Azərbaycan təyyarəsini hədəf alır, sonra qayıdır gedir və ikinci dəfə yenə bizim təyyarə ilə toqquşur. Yəni, bu uşaq bağçası səviyyəsində hekayədir, biz bilirik nə baş verib... Bu, gün qədər aydındır. Ancaq yeddi aydır ki, biz cavab ala bilmirik. Bizim Baş prokurorumuz müntəzəm olaraq Rusiyanın Təhqiqat Komissiyasına məktub ünvanlayır və cavab o olur ki, təhqiqat davam edir. Biz gözləyirik ki, görək bu təhqiqat nə zaman bitir. Ancaq mən hesab edirəm ki, bu, məsuliyyətsiz davranmaqdır. Bu o demək deyil ki, biz bunu unudacağıq. Xeyr, biz bunu unuda bilmərik. Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq”.
Bütün bunlar fonunda rus təbliğatçıları dərhal Rusiya ilə Azərbaycan arasında gözlənilən münaqişə barədə danışmağa başlayıblar. Təxminən 900 min abunəçisi olan “WarGonzo” Teleqram kanalının müəllifi Semyon Pegov deyib: " Azərbaycan açıq şəkildə rusofob mövqe tutub. Biz bu münaqişəyə nə qədər tez hazırlaşsaq, bir o qədər yaxşıdır ". Digər rus blogger Aleksey Jivov İlham Əliyevin bəyanatlarının “ açıq-aşkar düşmənçilik ” olduğunu yazıb və “ Xəzərin tezliklə yeni hərbi əməliyyatlar teatrına çevrilə biləcəyini ” bəyan edib. “Zapiski Veterana” kanalı isə Azərbaycanın beynəlxalq koordinat sisteminə keçidini “ Rusiya ilə müharibəyə hazırlıq siqnalı” kimi qiymətləndirib. Bu bəyanatlar Rusiyanın informasiya sahəsinin öz təcavüzkar siyasətinə haqq qazandırmaq üçün növbəti cəhdi kimi görünür. O cümlədən Azərbaycan diasporuna qarşı yönəlmiş daxili terror da bunu göstərir. Daha bir rus təbliğatçısı Yuri Podolyaka Azərbaycanı “geosiyasi düşmən” adlandıraraq, vəziyyətin “Daxili İşlər Nazirliyinin, lazım gələrsə, Müdafiə Nazirliyinin əlinə ” verilməsini tələb edib . “Two Majors” kanalı Azərbaycanın kənd təsərrüfatı məhsullarının idxalını dayandırmağı təklif edib: “ Sərhəddə pomidor olan yük qatarlarında istidən üfunət iyi gəlsin, bu üfunət iyini Bakı eşitsin”. Birbaşa təhdidlər də var. Rus blogger Pozdnyakov Azərbaycanın paytaxtıa zərbə endirilməsinə çağırıb. “ Bakının mərkəzində “Oreşnik” raketinin yaratdığ bağ ola bilər” yazır. Rus təbliğatının bu cür birləşməsi onu göstərir ki, Bakıya qarşı aqressiv ritorika Kremlin sifarişidir. İki ölkə arasında gərginlik həm də Rusiya təhlükəsizlik qüvvələrinin Azərbaycan diasporuna qarşı törətdiyi terrorla bağlıdır. Rusiya Federasiyasındakı azərbaycanlılar həbslər, işgəncələr və zorla cəbhəyə göndərilmələrlə üzləşirlər. Bu arada ukraynalı jurnalist Yelena Kurbanovanın Xankəndidə Azərbaycan prezidenti İlham Əliyevə Ukrayna hərbiçilərinin şevronlarından ibarət kolleksiyanı təqdim etməsi, Azərbaycan liderinin hədiyyəni qəbul etməklə yanaşı, Ukrayna Silahlı Qüvvələrinə ünvanlanan xoş sözlərlə ona təşəkkür etməsi də rusları çılğına çevirib. Azərbaycan prezidenti deyib: “Gördüyünüz işlərə görə təşəkkür edirəm. İşinizi davam etdirin". Bu qısa, lakin əhəmiyyətli jest Rusiyanın təbliğat dairələrində əsl isteriya yaradıb. Amma Azərbaycan haqq işini müdafiə edir.
Nahid SALAYEV