Yay aylarında çimərliklərə gedənlərin əksəriyyəti taksi qiymətlərindən narazılıq edirlər. Bildirilir ki, yol məsafəsi uzaq olsa da, müəyyən olunan tarif sərnişin tələbatına uyğun gəlmir. Əlavə olaraq, birbaşa ictimai nəqliyyatın olmaması vəziyyəti daha da çətinləşdirir. Bu isə dəniz istirahətini bir çox ailə üçün əlavə xərcə çevirir.
Referans xəbər verir ki, Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, taksilərin qiymətləri gediş haqlarına və məsafəyə görə dəyişib:
“Beynəlxalq təcrübəyə əsasən, qiymətlər sabit qalmalıdır. Yəni hava şəraitindən asılı olmayaraq, bu dəyişmir. Təəssüf ki, Azərbaycanda vəziyyət belə deyil. Qiymətlər sanki üzən məzənnə ilə müəyyən edilir. Digər tərəfdən, hər kəs taksidən istifadə edə bilmir, ya da şəxsi avtomobilləri olmur. Bu baxımdan, vətəndaşların öz istəklərinə uyğun hərəkət etməsi üçün şərait yaradılmalıdır. Çimərliklər istiqamətində marşrutların artırılması önəmli məsələdir. Lakin marşrutların tənzimlənməsi prosesi ilə bağlı ciddi çətinliklər mövcuddur. Ümumiyyətlə, müvafiq tədbirlər görülməsə, problemlər davam edəcək”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirib ki, taksi qiymətləri dəyişən tariflər üzrə müəyyən edilir:
“Yəni fiks qiymətlərdən fərqli olaraq, bu, mövsümə və hətta sutkanın saatlarına görə dəyişir. Tələb artarsa, qiymət yüksəlir, azaldığı halda əksi müşahidə olunur. Digər tərəfdən, çimərliklərə gedən ictimai nəqliyyatın avtobus seqmenti bu mövsümdə çox yaxşı işləyir. İDEA tərəfindən təşkil olunan 10-a yaxın pulsuz plyajlara avtobuslarla hərəkət təmin edilib. Bu təşəbbüs və xidmətlər, xüsusilə istirahət mövsümündə insanların rahatlığını təmin edir”.