AZ

55 qəpik qiymət, 5 qəpiklik xidmət - 105-də avtobus dəyişdi, problemlər yerində qalıb

Bakıda bir çox avtobuslar yeniləndi, eləcə də Balaxanıdan metronun “Neftçilər” metrostansiyasına işləyən 105 nömrə dəyişdi. Bu avtobusdan istifadə edən sakinlər ilk günlərdə yeni maşınların fotolarını çəkdilər, sosial şəbəkələrdə paylaşdılar ki, bəs ay camaat, nəhayət biz də ağ günə çıxdıq, sınıq-salxaq əlamətlərdən canımız qurtardı.

Ancaq insanların sevinci çox da uzun çəkmədi...

105 nömrəli marşrut xəttinə verilən avtobusları digər xətlərdə görmək mümkün deyil. Hindistan-Pakistan savaşı ərəfəsində xəttə buraxılan avtobuslar elə bil müharibədən çıxıb, Hindistandan qorxub, qaçıblar. Kənardan gülməli görünən avtobusun içərisi ağlamalıdır.
2-3 aydır istifadəyə verilən avtobuslar artıq dağılıb. 1 kilometrdən eşidilən köhnə, geydirmə əyləc bəndinin səsindən bilirsən ki, avtobus yaxınlaşır.
Bu, təhlükəsizlik baxımdan olduqca mühüm bir haldır, ancaq buna belə baxılmır.
Gələk məsələnin digər tərəfinə, kondisioner problemi. Mətbuatda 105-in köhnə avtobuslarının problemlərindən yazanlar hər zaman bunu “cəhənnəm avtobusu” kimi xarakterizə ediblər. İndi də heç nə dəyişməyib. Yox, üzr istəyirəm, əslində, dəyişib-qiymət. Əvvəl 50 qəpik olan avtobus kart sisteminə keçdikdən sonra 55 qəpiyə olub. Ancaq içəridə 5 qəpiklik də olsa dəyişiklik yoxdur.
Sürücülər deyirlər ki, kondisionerin səsi başımıza düşür. Ona görə də işlətmirik. Onları da qınamalı deyil. Doğrudan da kondisioner deyilən havalandırma işləyən zaman ağız deyəni qulaq eşitmir.
Yay mövsümünün ilk günlərində sürücülər kondisionerləri işə salmadıqları üçün müxtəlif bəhanələr gətirirdilər. Əvvəlcə deyirdilər ki, istifadəsinə icazə verilmir. Daha sonra kondisionerlərin ümumiyyətlə, nasaz olduğunu iddia etdilər. İndi isə yeni səbəb ortaya çıxıb: kondisionerin işləməsi üçün lazım olan qaz yoxdur və bu qaz yalnız “Koroğlu”dakı xüsusi məntəqədə vurulur. Lakin nədənsə bu məntəqəyə getmək mümkün olmur.
Aşağıdakı görüntülər 105 saylı marşrut avtobusundandır. Bu vəziyyət təkcə 105 nömrəli avtobusla məhdudlaşmır. Paytaxtda fəaliyyət göstərən 10, 33, 39, 49, 133, 136, 141E və digər marşrut xətlərində də oxşar problem müşahidə olunur. Sərnişinlər hər gün sıxlıq və istidən əziyyət çəkirlər. 
Qeyd edək ki, problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) informasiya sorğusu göndərmişik. Sorğuya veriləcək cavabı da təqdim edəcəyik.



Seçilən
19
42
yenilik.az

10Mənbələr