AZ

Ekspert: Azərbaycan qazının Suriyaya nəqli Bakı ilə Dəməşq arasında nəqliyyat layihələrinin inkişafı üçün baza yaradacaq – MÜSAHİBƏ

Bakı, 21 iyul, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC suriyalı iqtisadçı, münaqişəsonrası bərpa üzrə ekspert, “Ərəb İqtisadçıları Dərnəyi”nin (Cercle des Economistes Arabes) prezidenti və BMT-nin məsləhətçisi Samir Ayta ilə müsahibəni təqdim edir.

- Suriya Prezidenti Əhməd Əl Şaraanın Bakıya son səfəri barədə ilk təəssüratlarınız nədir? Bu hadisə simvolik diplomatiyadan konkret iqtisadi əməkdaşlığa keçidin göstəricisi sayıla bilərmi? Sizin fikrinizcə, ilk diqqətəlayiq siqnallar hansılardır və bu kontekstdə növbəti məntiqli addım nə ola bilər?

- Suriya və Azərbaycan 1992-ci ildən diplomatik münasibətlər saxlayır. Suriyada uzunmüddətli vətəndaş müharibəsinin başa çatması və əksər sanksiyaların ləğvindən sonra bu münasibətlərin bərpası xüsusilə vacibdir. Əl Şəraanın səfəri daha praqmatik və qarşılıqlı faydalı dialoqa yol aça biləcək dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Suriyalıların ən çox diqqətini çəkən məqam isə odur ki, hazırkı Prezidentin səfəri Suriya-İsrail danışıqlarına təkan verib. Bu diplomatik hadisə artıq həm regional paytaxtlarda, həm də beynəlxalq ekspert dairələrində geniş müzakirələrə səbəb olub. Məntiqli növbəti addım infrastruktur, energetika və kənd təsərrüfatı sahələrində birgə iqtisadi layihələrin hazırlanması ola bilər.

- SOCAR və Suriya hökuməti arasında imzalanan memorandum Suriyada böhran başlayandan bəri bu səviyyədə ilk sənəd oldu. Sizcə, əməkdaşlıq üçün ən real mexanizmlər hansılardır? Müxtəlif səviyyələrdə hansı dövlət qurumları və özəl şirkətlər prosesə cəlb oluna bilər?

- Suriya Energetika Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyi və SOCAR arasında imzalanmış Anlaşma Memorandumu əslində iki ölkə arasında 2010-cu ildə imzalanmış qaz təchizatı və texniki əməkdaşlıq haqqında sazişin bərpasına yönəlmiş bir addımdır. Həmin sazişin icrası sanksiyalar səbəbilə dayandırılmışdı. Yeni memorandum indi tamhüquqlu bir müqaviləyə çevrilməlidir. Hər iki ölkədə neft və qaz hasilatına dövlət qurumları nəzarət etdiyi üçün bu razılaşma SOCAR ilə Suriya Qaz Şirkəti arasında bağlanmalıdır. Lakin Suriya ilə Azərbaycan arasında birbaşa sərhəd olmadığı üçün, əlbəttə ki, Türkiyənin dövlətə məxsus boru kəməri şirkəti olan BOTAŞ-ın, eyni zamanda, bp-nin iştirakı tələb olunacaq. Düşünürəm ki, bu mexanizm artıq 2010-cu il razılaşmasında nəzərə alınmışdı, çünki həmin dövrdə Azərbaycan qazının bir hissəsi artıq Suriyaya çatdırılırdı.

Bundan əlavə, Suriya münaqişə zamanı zədələnmiş neft və qaz obyektlərinin bərpası üçün SOCAR-ın texniki yardımından faydalana bilər.

- Mətbuatda Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Suriyaya ixracı ilə bağlı məlumatlar yayılır — həcmlər ildə 1 milyard kubmetrə çata bilər. Sizin fikrinizcə, bu kimi enerji dəhlizlərinin layihələndirilməsi mərhələsində hansı amillər nəzərə alınmalıdır? Sizcə, bu layihənin reallaşdırılması üçün mümkün müddətlər və iqtisadi təsirləri nədən ibarətdir?

- İldə 1 milyard kubmetr həcmində qaz Suriyanın hazırda gündə cəmi bir neçə saatlıq verilən elektrik enerjisi istehsalına ciddi dəstək ola bilər. Münaqişədən əvvəl ölkə ildə təxminən 8 milyard kubmetr qaz hasil edirdi. 2010-cu ildə imzalanmış razılaşma da Azərbaycanın Suriyaya illik 1,5 milyard kubmetrə qədər qaz ixracını nəzərdə tuturdu. O dövrdə Suriyanın elektrik stansiyalarının əksəriyyəti təbii qazla işləyirdi. İnfrastruktur məsələsinə gəlincə, hazırda Türkiyə ilə Suriya arasında mövcud olan qaz kəmərinin vəziyyəti və bu kəmərin Suriya qaz nəqli şəbəkəsinə bağlantısı barədə dəqiq məlumat yoxdur. Lakin ehtimal etmək olar ki, münaqişə zamanı zərər görmüş hissələr siyasi iradə və tələb olunan maliyyə təmin olunarsa, bir neçə ay ərzində bərpa edilə bilər. Belə bir layihənin həyata keçirilməsi mərhələsində texniki infrastrukturun hazırlıq səviyyəsi, siyasi risklər, eləcə də qazın üçüncü ölkələrin ərazisindən tranziti ilə bağlı tənzimləmə məsələləri xüsusi diqqətə alınmalıdır.

- Azərbaycanın enerji resursları ilə Suriyanın infrastrukturunun bərpası arasında sinerji perspektivli istiqamətdir, lakin bu, kompleks koordinasiyanı tələb edir. Sizcə, bu kimi proqramlar necə həyata keçirilə bilər və konkret olaraq hansı layihələr üçün daha aktual olar?

- Azərbaycanın qazının Suriyaya nəqli təkcə iqtisadi deyil, həm də geosiyasi məsələdir. Suriyanın qaz nəqli şəbəkəsi “Ərəb qaz şəbəkəsi” adlandırılan sistemə qoşulub, bu şəbəkəyə Suriya, Livan, İordaniya və Misir daxildir. Bu isə o deməkdir ki, Azərbaycanın qazı bu ölkələrin hamısına ixrac edilə bilər — həmin ölkələr elektrik enerjisi istehsalı üçün ciddi şəkildə xammala ehtiyac duyurlar.

Bundan əlavə, belə bir enerji dəhlizinin yaradılması gələcəkdə Azərbaycanla Suriya arasında dəmir yolu və avtomobil nəqliyyatı layihələrinin inkişafı üçün əsas yarada bilər ki, bu da perspektivdə Azərbaycanın ixracının Körfəz ölkələrinin bazarlarına çıxışını təmin edə bilər.

- Azərbaycan Suriya ilə əməkdaşlığı yalnız enerji sahəsində deyil, həm də kənd təsərrüfatı, nəqliyyat, təhsil və informasiya texnologiyaları kimi sahələrdə inkişaf etdirmək niyyətində olduğunu bəyan edib. Sizin fikrinizcə, bu istiqamətlərdən hansı Suriyanın iqtisadiyyatı və investisiya mühiti baxımından daha perspektivlidir? Hansı sahələr növbəti 3–5 il ərzində real olaraq genişmiqyaslı inkişafa səbəb ola bilər?

- Mənim fikrimcə, ən böyük və ən sürətli inkişaf kənd təsərrüfatı sahəsində mümkündür. Suriya ilə Azərbaycanın iqlim şəraiti və torpaq resursları oxşardır, hər iki ölkə eyni kənd təsərrüfatı məhsullarını yetişdirir. Lakin Suriyanın aqrar sektoru, o cümlədən suvarma sistemi sanksiyalar və hərbi münaqişə nəticəsində ciddi ziyan görüb. Bu sahənin bərpası Azərbaycanın texniki dəstəyi və proqramları sayəsində mümkün ola bilər.

Bundan əlavə, informasiya texnologiyaları (“ağıllı şəhərlər”, telekommunikasiya və s.) və ali təhsil sahələri (tələbə mübadiləsi və akademik əməkdaşlıq) də yüksək potensiala malikdir. Həmçinin, Azərbaycan tikinti şirkətləri Suriyada infrastrukturun – yolların, yaşayış binalarının, xəstəxanaların və digər ictimai obyektlərin bərpasında iştirak edə bilərlər.

- Suriyanın azad olunmuş ərazilərin bərpası sahəsindəki təcrübəsi Azərbaycanın da işinə yaraya bilər, suriyalı mütəxəssislər isə bu çərçivədə müqavilələr əldə edə bilərlər. Sizcə, belə bir əməkdaşlığın əsası ola biləcək hansı formatlar mövcuddur? Suriyalı şirkətlərin və ya ekspertlərin bu cür bazarlara çıxmaq üçün real potensialı varmı?

- Kənd təsərrüfatı və torpaqların bərpası sahəsində çalışan bir çox suriyalı mütəxəssis münaqişə səbəbindən ölkəni tərk etməyə, ölkədə qalanlar isə çox aşağı əmək haqqı ilə işləməyə məcbur olublar. Azərbaycan və Suriya belə mütəxəssislərin geri dönüşünü təşviq edən və qarşılıqlı fayda təmin edən xüsusi mübadilə mexanizmi yarada bilərlər.

Bundan əlavə, Suriyada BMT-nin dəstəyi ilə fəaliyyət göstərən ICARDA institutu (Beynəlxalq Kənd Təsərrüfatı Araşdırmaları Mərkəzi) mövcud idi və bu mərkəz unikal toxum sortlarının hazırlanması ilə məşğul olurdu. Suriya və Azərbaycan bu müəssisənin fəaliyyətini BMT-nin iştirakı ilə birlikdə bərpa edə bilər — bu, hər iki tərəf üçün faydalı olar. Eyni zamanda, iki ölkənin dövlət strukturları müasir suvarma metodlarının, təkmilləşdirilmiş gübrələrin, yeni kənd təsərrüfatı bitkilərinin hazırlanması və kənd təsərrüfatı məhsullarının ixracının artırılması istiqamətində əməkdaşlıq qura bilərlər. Özəl sektor isə qida məhsullarının emalı üzrə birgə müəssisələrin yaradılmasında iştirak edə bilər.

- SOCAR ilə saziş və Türkiyə vasitəsilə qaz kəmərinin reallaşdırılması Suriyanın iqtisadi inteqrasiyaya — məsələn, regional platformalara, maliyyə əməkdaşlığına və qlobal kapital bazarlarına tam şəkildə qayıdışının ilk addımı ola bilərmi?

- SOCAR ilə bağlanmış saziş, istehsalın bərpası və Suriyanın elektrik enerjisi ilə təmin olunması baxımından həlledici əhəmiyyətə malikdir. Bu isə uzun illər davam edən münaqişədən sonra ölkənin iqtisadi dirçəlişinin əsasını təşkil edir. Qənaətbəxş qiymətlərlə fasiləsiz elektrik təchizatı, daha əvvəl Misirə və ya Türkiyəyə köçürülmüş Suriyadakı sənaye müəssisələrinin geri dönüşünü stimullaşdıra bilər. Məhz bu müəssisələrin geri qayıdışı, Suriya iqtisadiyyatında yeni mərhələnin başlandığını beynəlxalq bazarlara siqnal kimi çatdıracaq. Bu saziş yeni investisiya proseslərinin başlanması və beynəlxalq maliyyə institutlarının Suriyaya inamının bərpası üçün əsas ola bilər. Eyni zamanda, bu kimi layihələrin uğurla həyata keçirilməsi göstərir ki, Suriya yalnız bəyanat səviyyəsində deyil, praktik olaraq da regional iqtisadi təşəbbüslərə inteqrasiya olmaq iqtidarındadır.

- Müasir tendensiyaları – rəqəmsallaşma, yaşıl enerji və dayanıqlı nəqliyyatı – nəzərə alaraq, Azərbaycanla Suriya arasında birgə fondlar, platformalar və ya klasterlər çərçivəsində uzunmüddətli əməkdaşlığın əsaslarını harada qurmağı tövsiyə edərdiniz? Bu təşəbbüsləri qısamüddətli siyasi istiqamətlərdən asılı olmayan və davamlı edən hansı maliyyələşdirmə mexanizmləri və institusional modellər ola bilər?

- Sanksiyaların və münaqişənin nəticələrinin aradan qaldırılması baxımından sadalanan bütün istiqamətlər – rəqəmsallaşma, yaşıl enerji və dayanıqlı nəqliyyat – mühüm əhəmiyyət kəsb edir. Lakin mənim fikrimcə, ən prioritet sahə dayanıqlı nəqliyyatdır. Çünki bu, regional inkişaf və infrastrukturun bərpası məsələləri ilə birbaşa əlaqəlidir. Bu isə qonşu ölkələrdən gələn qaçqınların və ölkə daxilində məcburi köçkünlərin geri qaytarılması kimi genişmiqyaslı problemin həllində həyati əhəmiyyət daşıyır. Belə layihələrin həyata keçirilməsi üçün beynəlxalq qrantlardan, eləcə də Körfəz ölkələrinin fondları kimi beynəlxalq maliyyə institutlarından alınan kreditlərdən istifadə etmək mümkündür. Lakin uğurlu icra üçün ciddi planlaşdırma və vətəndaş cəmiyyətinin fəal iştirakı tələb olunur. Bu isə Dünya Bankı və ya Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) kimi BMT strukturları ilə birgə həyata keçirilə bilər.

Seçilən
9
50
azertag.az

10Mənbələr