Bakı, 21 iyul, AZƏRTAC
III Şuşa Qlobal Media Forumu dövlətimizin tarixi nailiyyəti, dünyaya mesajı və ədalətin təntənəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib.
O qeyd edib ki, Azərbaycan III Şuşa Qlobal Media Forumu ilə öz haqq səsini, ədalət simasını bir daha dünyaya nümayiş etdirdi: “III Şuşa Qlobal Media Forumu bir çox baxımdan böyük tarixi və siyasi əhəmiyyətə malikdir. Həmin Forum hər şeydən öncə dövlətimizin, onun başçısının timsalında ədalətin təntənəsi, haqqın yenilməzliyinin isbatıdır. Prezident İlham Əliyevin Forum çərçivəsində ən müxtəlif məsələlərlə bağlı jurnalistlərin suallarına verdiyi cavablar Azərbaycanın yalnız milli maraqlarının deyil, həm də beynəlxalq hüququn, əzilən, işğala məruz qalan bütün xalqların yanında yer aldığını, dövlətimizin hər zaman haqqa, ədalətə sadiqliyini qoruyub saxladığını bri daha sübut etdi. Təkcə bir faktı qeyd edək ki, dövlətimizin başçısı Ukrayna xalqına işğalla barışmamağı, öz azadlığı, haqqı uğrunda mübarizəni sona qədər davam etdirməyi tövsiyə etdi, fikirlərini əsaslandırmaq üçün Azərbaycan xalqının keçdiyi yolu, Vətən müahribəsini xatırlatdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan 30 ilə yaxın müddətdə erməni işğalına məruz qalsa da, heç bir böyük dövlət, beynəlxalq təşkilat ona praktiki olaraq yardım etmədi. Lakin bütün bunlar Azərbaycanı ruhdan salmadı, əksinə, xalq öz mübarizəsini davam etdirdi. Nəticədə, erməni faşizmini darmadağın edərək ərazi bütövlüyünü təmin etdi. Bu baxımdan, Prezident İlham Əliyev Ukrayna xalqına da ruhdan düşməməyi və işğala qarşı mübarizəni davam etdirməyi tövsiyə etdi”.
Polkovnik dövlətimizin başçısının AZAL-ın təyyarəsi ilə bağlı ortaya qoyduğu mövqeyin də mühüm mətləblərdən xəbər verdiyini vuğulayıb: “Prezident İlham Əliyev Forumda Rusiya səmasında vurulan AZAL-ın təyyarəsi ilə bağlı da dövlətimizin gözləntisini aydın şəkildə ortaya qoydu. Prezident qeyd etdi ki, təyyarə vurulub və onun qəza enişi etməsinə səbəb də məhz bu olub. Bu səbəbdən də dövlətimizin başçısı Rusiyanı baş verənləri etiraf etməyə, günahkarları cəzalandırmağa səslədi. Habelə, bildirdi ki, Rusiya öz günahını etiraf etməklə yanaşı, zərər çəkən bütün tərəflərə kompensasiya ödəməlidir. Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycan artıq baş verənlərlə bağlı beynəlxaqlq instansiyalara müraciət etməyə hazırlaşır və sona qədər öz mübarizəsini davam etdirəcək. Prezidentimizin AZAL-ın təyyarəsi ilə bağlı sərgilədiyi bu mövqe Azərbaycanın maraqlarını necə böyük qətiyyətlə qoruduğunu, milli maraqlarımıza necə dərindən sadiqlik göstərdiyini sübut edir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan dövləti, onun Prezidenti xalqımızın maarqlarını qorumaq üçün dünyanın ən güclü dövlətləri ilə də mübarizə aparmaqdan, öz mövqeyini cəsarətlə ortaya qoymaqdan çəkinmir və bundan sonra da çəkinməyəcək”.
Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinin əməyini yüksək qiyətləndirdiyinə diqqət çəkən təşkilat sədri milli mətbuatın bundan sonra da dezinformasiaylara qarşı mübarizədə aktiv rol oynayacağına inamını ifadə edib: “Prezident İlham Əliyev Forumdakı çıxışında medianın önəminə diqqət çəkməklə yanaşı, Azərbaycan mediasının, jurnalistlərin əməyini də yüksək qiymətləndirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan həqiqətlərinin dünyada təbliğində, dezinformasiayların qarşısının alınmasında Azərbaycan mediası yaxından iştirak edib və böyük uğurlar əldə edib. Mediamızın lazım gələndə, həm də hücum strategiyası sərgilədiyini bildirən Prezident bundan sonra da beynəlxalq ictimai rəyin düzgün informasiya ilə təminində jurnalistlərin üzərinə böyük öhdəliklər düşdüyünü vurğuladı. Onu da qeyd edək ki, Azərbaycan mediasının dövlət maraqlarımızın müdafiəsində rolu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən də yüksək qiymətləndirildi. Hesab edirəm ki, bu, mediamıza, jurnalsitlərimizə, onların əməyinə göstərilən böyük ehtiramdır. İstər Vətən müharibəsi, istərsə də postmüharibə dönəmində Prezident İlham Əliyevin mediaya verdiyi müsahibələr də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına mühüm rol oynayıb və bu gün də oynamaqdadır. Prezidentin köməkçisi Hikmət Hacıyevin də media ilə əməkdaşlığı, verdiyi müsahibə və açıqlamalar dövlətimizlə bağlı həqiqətlərin beynəlxalq miqyasda yayılmasında əhəmiyyətli rol oynayır. Xarici media nümayəndələrinin və diplomatların işğaldan azad olunmuş ərazilərə mütəmadi təşkil edilən səfərləri də imkan verir ki, onlar erməni faşizminin vəhşilikləri ilə yanaşı, dövlətimizin bu ərazilərdə apardığı böyük quruculuq işlərini bilavasitə müşahidə etsinlər. İnanıram ki, Azərbaycan mediası bundan sonra da dövlətimizin maraqlarını qətiyyətlə qorumaqda davam edəcək, dövlətimizin, Prezident İlham Əliyevin etimadını əzmlə doğruldacaq”, - deyə C. Xəlilov vurğulayıb.