İyulun 21-də “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işini başa çatdırıb.
Moderator.az xəbər verir ki, “TRT World”un aparıcısı Mariam Zaidinin moderatorluğu ilə keçirilən Forumun sonuncu paneli “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” mövzusuna həsr olunub.
“Tik-Tok”un Rusiya, Şərqi Avropa, Mərkəzi Asiya və Monqolustan regionları üzrə ictimai siyasət və dövlət məsələləri şöbəsinin direktoru Sergey Sokolov bu şəbəkənin ənənəvi sosial media platformalarından tamamilə fərqləndiyini bildirib. "Ənənəvi mediada və sosial platformalarda məzmun daha çox redaksiya xətti ilə yönləndirilir, yəni, istifadəçiyə nəyi görməli olduğu göstərilir. “Tik-Tok” isə əksinə, istifadəçilərin görmək istədikləri məzmun əsasında formalaşır", - deyə o əlavə edib. Qeyd edib ki, “Tik-Tok”un alqoritmi fərqli işləyir. Burada istifadəçinin izləyici sayının çox olması vacib deyil, insanlar sıfır izləyici ilə belə milyonlarla baxış qazana bilərlər.
“Bu, yeni dövrün media anlayışını dəyişir. Artıq istifadəçi təkcə izləyici deyil, həm də aktiv iştirakçıdır, məzmun yaradan və paylaşandır. Müasir sahibkarlar, kiçik bizneslər və startaplar öz alıcılarını tapmaq üçün mediaya, xüsusilə “Tik-Tok” kimi dinamik platformalara üz tuturlar. Ancaq “Tik-Tok”un uğurlu istifadəsi üçün onun alqoritmik tələblərini və məzmun dinamikasını anlamaq vacibdir. Yəni, bu, sadəcə, video paylaşmaq deyil, doğru zamanda, doğru formatda və doğru auditoriyaya uyğun məzmun təqdim etmək deməkdir”, - deyə “Tik-Tok” platformasının nümayəndəsi bildirib.
“Google” və “Youtube” üzrə ekspert, “BlitzMetrics” şirkətinin baş icraçı direktoru Dennis Yu hazırda informasiya dövrünün ən böyük çağırışlarından biri həqiqi və obyektiv məlumat mənbəyi axtarışının olduğunu qeyd edib. "Təəssüf ki, bugünkü rəqəmsal dünyada yayılan məlumatların böyük hissəsinin dəqiq, yoxlanılmış və qərəzsiz olub-olmadığını müəyyənləşdirmək hər keçən gün daha da çətinləşir", - deyə icraçı direktor bildirib. Dennis Yu qeyd edib ki, süni intellekt bu prosesdə həm fürsət, həm də risk yaradır. O, bir növ elektrik enerjisi kimidir. Düzgün istifadə olunarsa, işimizi asanlaşdırır, həyatımıza dəyər qatır. Ancaq nəzarətsiz və məsuliyyətsiz yanaşılarsa, ciddi fəsadlara yol aça bilər.
“Bu gün biz süni intellektin istənilən formada, istənilən məzmunu yaratmaq qabiliyyətinə sahib olduğunu görürük. Bu, texnoloji inqilabdır, lakin onunla yanaşı, etik və təhlükəsizlik məsələləri də artır. Məşhur Hollivud filmlərində tez-tez təsvir olunan o süni intellektin dünyanı ələ keçirməsi ssenariləri artıq yalnız fantaziya deyil. Bu, reallığa çevrilə biləcək bir ehtimal kimi dəyərləndirilir”,-deyə ekspert bildirib. Onun sözlərinə görə, süni intellekti düzgün tənzimləməklə, onun imkanlarından faydalı şəkildə istifadə etməklə potensial təhlükələrin qarşısını almaq mümkündür.
“LinkedIn”ın ictimai sektor, səhiyyə sahəsi və qeyri-kommersiya satışı üzrə rəhbəri Seamus Clancy deyib: “LinkedIn” biznes, peşəkarlar üçün yaradılmış bir platformadır. Bizim şəbəkədə bir dəqiqədə 5 milyon əməliyyat icra olunur.
İqtisadi imkanlar yaratmaq üçün şirkət tərəfindən sərmayə qoyulduğunu deyən Seamus Clancy onların yaratdıqları kontentin yeni səriştələrlə bağlı olduğunu bildirib.
İnformasiyanın sosial media vasitəsilə paylaşıldığını, “LinkedIn”ın isə fərqli bir şəbəkə olduğunu bildirən natiq platformanın əlaqələr qurmağa və şəbəkələşməyə kömək etdiyini vurğulayaraq qeyd edib: "Biz platformada fərqli məzmun yerləşdiririk. Çalışırıq ki, kontent istifadəçilərə maraqlı olsun”.
Seamus Clancy, həmçinin diqqətə çatdırıb ki, süni zəka ilə bağlı çoxlu qeydlər aparır.
Avstraliyanın “Sunshine Coast” universitetinin media təlimçisi və tədqiqatçısı Karen Sutherland “Tik-Tok” sosial şəbəkəsindən istifadə zamanı bəzilərinin etik şəkildə davrandığını, bəzilərinin isə qalmaqallı kontent paylaşdığını bildirib: “Auditoriyanı cəlb etmək üçün müxtəlif alətlərdən istifadə edirlər”.
Məzmunu yaratmaq üçün bir çoxlarının süni zəkadan istifadə etdiyini diqqətə çatdıran tədqiqatçı onun təkamülünü nəzərə almağının önəmini vurğulayaraq bildirib: “Süni zəkadan düzgün istifadə etməliyik, çünki o, şəxsi məlumatların yayılmasına təhdiddir".
Qeyd edək, 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin qatıldıqları Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.