Rusiya tezliklə Ukrayna pilotsuz təyyarələrinin kütləvi hücumlarına qarşı effektiv müdafiə vasitəsi əldə edə bilər.
Herbiand.az bildirir ki, bu barədə “MK” nəşri yazıb.
Qeyd edilib ki, Rusiyanın müdafiə naziri Andrey Belousov hava hücumundan müdafiənin gücləndirilməsinə yönəlmiş genişmiqyaslı proqrama başlayıb. Bu proqramın mərkəzində “Posox” adlı ən son lazer qurğusu var.
Nəşrin istinad etdiyi insayderlərin sözlərinə görə, bu sistemin ilk sınaqları artıq başa çatıb. Lazer 500 metrə qədər məsafədəki hava hədəflərini cəmi 0,2 saniyəyə məhv etməyə qadirdir.
Nəşr yazır ki, Rusiyada artıq bir neçə lazer silah nümunəsi var, lakin məhz “Posox” düşmən pilotsuz təyyarələri ilə mübarizədə effektiv vasitə hesab olunur. Bu qurğu kütləvi hücumları dəf etməkdə çətinlik çəkən bahalı raket sistemlərinə daha ucuz alternativ kimi yaradılır.
Lazer sistemi akkumulyatorlardan enerji alır ki, bu da onu mobil, avtonom və enerjiyə qənaətcil edir. Əgər 1,5 kilometrə qədər məsafədə aparılan sınaqlar uğurlu olarsa, o zaman sistemin hər yerdə tətbiqi planlaşdırılır.
Ekspertlər hesab edirlər ki, bu, bütün xüsusi əməliyyatda dönüş nöqtəsi ola bilər. Həmçinin, Rusiyaya ilk dəfə yüksək effektivlik və minimal xərclərlə pilotsuz hücumları dəf etməyə imkan verir.
Bəxtiyar CƏFƏRLİ