Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (fərdi sahibkarlar) müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməli olacaqlar.
Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.
Beləliklə barəsində iflas proseduru başlanılmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumatların vergi ödəyicilərinin uçotu reyestrində uçotunun aparılması, hüquqi şəxslər barədə məlumatların isə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınması ilə bağlı məsələlər tənzimlənəcək, eləcə də iflas proseduruna məruz qalmış subyektlərin və digər şəxslərin hüquqlarının qorunması istiqamətində müsbət nəticələr əldə olunacaq.
İflas prosesində olma barədə vergi orqanına məlumatın verilməsi (hüquqi şəxslərə münasibətdə bu barədə məlumatın hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması) iflas prosesində olan hüquqi və fiziki şəxsin fəaliyyətində şəffaflığın gücləndirilməsinə, risklərin düzgün idarə edilməsinə, eləcə də iflas prosesində olan şəxsin borclularının və kreditorlarının əmlak maraqlarının daha etibarlı qorunmasına xidmət edəcək.
Bundan başqa, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, eləcə də onun vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan digər məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, vergi ödəyicisi bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.
Eyni zamanda “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna görə, hüquqi şəxslər təsis sənədlərinə edilən hər bir dəyişiklik barədə həmin dəyişikliyin baş verdiyi andan 40 gün müddətində qeydiyyat orqanına ərizə ilə müraciət etməlidirlər. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınır.